Ukrayna Prezidenti Vladimir Zelenski Sovet İttifaqını “İkinci Dünya Müharibəsinin günahkarlarından biri” adlandırıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Polşaya səfəri zamanı danışıb.
Zelenski Polşanın dünya müharibəsində ən çox zərər görən ölkələrdən biri olduğunu bildirib:
“Polşa xalqı ilk dəfə totalitar rejimlərin toqquşmasını hiss etdi. Bu, İkinci Dünya Müharibəsinin başlamasına səbəb oldu”.
Onun sözlərinə görə, Avropa və bütövlükdə dünyanın 1939-cu ildə olduğu kimi bu gün də susmağa haqqı yoxdur.
Rusiyanın Regional Problemlər İnstitutunun baş direktoru, politoloq Dmitri Juravlyov isə Kiyev və Varşavanı tarixi həqiqəti təhrif etməkdə ittiham edib:
“Bu, klassik anti-Rusiya təbliğatıdır. Bu bəyanat bir istəklə bağlıdır - Böyük Vətən Müharibəsi illərində göstərdiyi şücaətə görə Rusiyaya olan minnətdarlığı unutdurmaq.
Təəssüf ki, qonşularımızın şüuru pozulub: onlar bir tərəfdən Rusiyanı təhqir edir, digər tərəfdən onunla danışıqlar aparmağın mümkün olduğuna əmindir. Deyirlər ki, Ukraynanın haqlı olduğunu, Rusiyanın da haqlı olmadığını sübut etməliyik. İndi səhv etdiklərini onlara sübut etsək, çox təəccüblənəcəklər. Ancaq bunu sübut etməyə dəyər”.
Rus mediasının iddiasına görə, Zelenski Polşada dünya müharibəsi vaxtı Auşvitz ölüm düşərgəsinin azad edilməsi barədə danışarkən, Sovet qoşunlarının xidmətlərini xatırlatmaqdan çəkinib, ancaq əməliyyatda iştirak edən Ukraynanın dostları haqqında danışıb.
Məlumatda qeyd edilib ki, son zamanlar Polşa da Rusiyanı İkinci Dünya Müharibəsinə başladığına görə məsuliyyətə cəlb etməyə çalışır. Belə ki, yanvarın əvvəlində ölkə parlamenti Sovet İttifaqını nasist Almaniyası ilə bərabər müharibəyə başlamaqda ittiham edən qətnamə qəbul edib.