1986-cı ildə tibb sahəsində Nobel mükafatı alan amerikalı biokimyaçı Stenli Koen 97 yaşında Neşvill şəhərində vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Vanderbilt Universiteti məlumat yayıb.
Məlumatda bidirilib ki, Vanderbilt Universitetinin əfsanəvi biokimyaçısı Stenli Koen epidermal böyümə amili və onun reseptorunun kəşfinə görə Nobel mükafatına layiq görülüb. Fevralın 5-də Neşvildə vəfat edib. Biokimyanın unudulmazı və fəxri professoru olan Koen 97 yaşında idi.
Yerli media qurumları alimin səssizcə öldüyünü, onun yanında son dəqiqələrdə həyat yoldaşının olduğunu yazıb.
Alim 1922-ci ildə Nyu-Yorkda Rusiyadan gələn yəhudi mühacir ailəsində anadan olub. 1943-cü ildə kimya və biologiya üzrə ixtisaslaşan Bruklin Kollecini bitirib, bir il sonra zoologiya üzrə magistr dərəcəsi alıb.
1948-ci ildə Miçiqan Universitetindən biokimya doktoru dərəcəsini alıb. 1986-cı ildə keçmiş həmkarı Rita Levi-Montalçini ilə birlikdə Nobel mükafatı laureatı olub.