Hindistan Silahlı Qüvvələrində kişilərlə yanaşı, qadınlara da da komandanlıq vəzifələrini tutma icazəsi verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Hindistan Ali Məhkəməsinin qərarında bildirilib.
Hökmə görə, qadınlar orduda polkovnik və digər yüksək rütbələrə, habelə vəzifələrə yüksələ biləcəklər. Hindistanda polkovnik rütbəsi olan zabit, ümumilikdə 850 nəfərdən ibarət bir batalyona komandanlıq edə bilir.
“Cinsiyyətə əsaslanan bir böhtan qadınların və bütövlükdə ölkənin ləyaqətinə təhqirdir. Qadınların kişilərlə eyni mövqedə dayanmasının vaxtı gəldi”, - qərarda qeyd edilib.
Məhkəmə qərarı üç ay ərzində icra edilməlidir.
Ötən il qadın zabitlər Hindistan ordusunun 10 bölməsində daimi xidmət hüququ alıb. Ölkə hakimiyyəti rabitə, mühəndislik korpusu, aviasiya, hava müdafiəsi, elektronika və mühəndislik, ordu xidmət korpusu, artilleriya korpusu və kəşfiyyat kimi sektorlara çağırılan qadın zabitlərə daimi xidmət etmək imkanı vermək qərarına gəlib.
Eyni zamanda, ötən il aprel ayında qadınların hərbi polisə cəlb olunması proseduruna da başlanılıb.