Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdir. İki ölkə arasında Birgə Bəyannamənin imzalanması özündə Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın yeni bir səviyyəyə qaldırılmasını ehtiva edir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Arzu Nağıyev söyləyib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin səfəri çərçivəsində ən mühüm məsələlərdən biri iki ölkə arasında imzalanan “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” olub:
“Bu sənədin cənab Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanması onun siyasi və iqtisadi əhəmiyyətini daha da artırır. Sənəddə çox mühüm məsələlər öz əksini tapıb. Tərəflər bir-birinin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edirlər. Burada ən vacib məsələlərdən biri də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədardır”.
Arzu Nağıyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi, habelə ATƏT-in himayəsi altında aparılan danışıqlar prosesi çərçivəsində sülh yolu ilə nizamlanmasının birmənalı şəkildə dəstəklənməsi çox mühüm əhəmiyyət kəsb edir: “Sənəddə Azərbaycanın haqlı mövqeyi tam dəstəklənir”.
Onun sözlərinə görə, bu gün İtaliya Azərbaycanı öz strateji tərəfdaşı kimi dəstəkləyir:
“Deyərdim ki, Avropada Azərbaycanı dəstəkləyən ölkələrin içərisində birincisi məhz İtaliyadır. Göründüyü kimi, Birgə Bəyannamədə siyasi, müdafiə-təhlükəsizlik məsələləri, ticarət və enerji, müxtəlif investisiyaların qoyuluşu, nəqliyyat və digər məsələlər öz əksini tapıb və Azərbaycan strateji tərəfdaş kimi qəbul edilir. Bildiyimiz kimi, bu prosesdən öncə Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti çıxış etmişdi. Cənab prezident Dağlıq Qarabağ münaqişəsində Ermənistanın işğalçı və Azərbaycanın isə işğala məruz qalan ölkə olduğunu geniş auditoriyaya çatdırdıqdan sonra Avropa İttifaqının ən mühüm dövlətlərindən biri olan İtaliyanın birbaşa bunu dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır”.
Politoloq Birgə Bəyannamədə təhlükəsizlik məsələsinin də xüsusi yer aldığını vurğulayıb. O qeyd edib ki, İtaliya NATO-nun üzvüdür və öz silahlı qüvvələrinin fəaliyyətini bu təşkilatın standartlarına uyğun qurur, eləcə də Azərbaycan NATO-nun sülhməramlı əməliyyatlarının daimi iştirakçısıdır, eyni zamanda ölkə anti-terror əməliyyatlarında fəal iştirak edir: “Düşünürəm ki, bu, Birgə Bəyannamədən sonra Azərbaycan ordusunun yeni texnika ilə təchiz olunmasında İtaliyanın rolu olacaq və bu istiqamətdə müvafiq sənədlərin imzalanması gözləniləndir”.
Birgə Bəyannamədə iqtisadi məsələlərə geniş yer verildiyini deyən Arzu Nağıyev bildirib ki, bu gün Azərbaycan Avropaya enerji təhdidlərinin qarşısını alan ən mühüm dövlətlərdən biridir:
“Burada İtaliyanın da öz payı var. Bu baxımdan TAP boru kəmərini misal gətirmək olar. Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edən və 878 km uzunluğa malik TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, məhz İtaliyanın cənubunda bitir. Bu mənada Birgə Bəyannamə Cənub Qaz Dəhlizinin tam şəkildə fəaliyyət göstərməsi, Azərbaycan qazının Avropaya nəqlinə imkan yaradacaq bir sənəddir”.