Ermənistan hökuməti qəza vəziyyətində olan Metsamor Atom Elektrik Stansiyasının istifadə müddətini uzatmağı planlaşdırır. Çünki büdcədə yeni AES-in inşası üçün pul yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın İnfrastruktur Nazirliyinin atom enerjisi şöbəsinin müdiri Nune Alekyan məlumat verib.
“Stansiyanın ömrünü 2036-cı ilə qədər uzatmağı planlaşdırırıq, çünki yeni atom elektrik stansiyasının inşası üçün büdcədə pul yoxdur”, - şöbə müdiri deyib.
Eyni zamanda, Avropa İttifaqının Ermənistan hakimiyyətindən AES-in bağlanması tələbini şərh edən Alekyan bildirib ki, erməni tərəfi tərəfdaşlarına yeni stansiyanın inşasına qədər Metsamor AES-in bağlanmayacağı barədə xəbərdarlıq edib.
Artıq qəzalı vəziyyətdə olan AES üçün Rusiya tərəfindən ayrılmış 270 milyon dollarlıq xüsusi kredit hesabından stansiyanın modernləşdirilməsinə 200 milyon dollar xərclənib. Lakin kreditin uzadılması ilə bağlı məsələlər hələ həll olunmayıb. Rusiya Ermənistan hökumətinin yeni kredit təkliflərini qəbul etmək niyyətində deyil.
Ermənistan hökuməti uzun illərdir Azərbaycan, Türkiyə, BMT, ATƏT və Avropa İttifaqının Metsamor AES-in bağlanılması ilə bağlı tələblərini rədd edir. Qəzalı vəziyyətdə olan AES-in bölgədə qorxunc fəlakətə yol açacağı barədə Ermənistana xəbərdarlıq olunub.