“Biz XXI əsrin ən öldürücü düşməni ilə üz-üzəyik. Koronavirus bəlası bu gün bütün dünyanın ortaq bəlasıdır və buna qarşı maksimum tədbirli olmaq bütün dövlətlərin öz vətəndaşları qarşısında birinci növbədə məsuliyyətidir. Dost Azərbaycan bu məsələdə vaxtında və nümunəvi tədbirlərə başladı. Təbii ki, biz bunu izləyir və təqdir edirik”.
Bunu Ukrayna Ali Radasının yeni seçilmiş birinci vitse-spikeri Ruslan Stefançuk deyib.
Ukraynada hazırda bu virusa yoluxanların sayının 600 mini keçdiyini, 16 nəfər ölüm faktının qeydə alındığını deyən I vitse spiker qeyd edib ki, bu bəla bütün dünyada olduğu kimi Ukraynada da durmadan artır:
“Biz artıq bütün lazımı tədbirlərə əl atmışıq. Bunun çox yayılmasına səbəb, təəssüf ki, bəzi ölkələrin, onların vətəndaşlarının buna ilk anlarda qeyri-ciddi yanaşması oldu. Amma bir fərqi gördük ki, Azərbaycan ilk vaxtdan təhlükənin ciddiliyini duydu və operativ tədbirlərə əl atdı. Biz müzakirələrimizdə Azərbaycanı nümunə çəkirik. Təqdir olunası haldır ki, dostumuz Azərbaycan koronavirusa qarşı mübarizə tədbirlərinə görə əksər ölkələrə nümunə çəkilir”, - R.Stefançuk bildirib.
Ukrayna Azərbaycan əlaqələrinin heç nəyə baxmayaraq durmadan inkişaf etdiyini bildirən Ali rada rəsmisi onu da bildirib ki, istər vətəndaşların təxliyyəsi, istərsə də mövcud durumla bağlı bütün lazımı məsələlər ilə bağlı hər iki ölkənin müvafiq qurumları daimi təmasdadırlar./Report/