11 May 2020 13:49
3 962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri İrakli Sesiaşvili rəsmi Tiflisin keçmiş prezident Mixail Saakaşvilinin Ukraynada yüksək vəzifəyə təyin olunmasının qarşısını almağa cəhd etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, komitə rəhbəri Ukrayna hökumətinin Saakaşvilini yaxşı tanımadığını iddia edib.

Onun sözlərinə görə, gürcü deputatlar Saakaşvilinin yüksək vəzifəyə təyin olunacağından ehtiyatlandılar və Kiyevi ondan xilas etmək istədilər:

“Ümid edirəm ki, ukraynalılar tezliklə Saakaşvilinin əsl simasını görəcəklər”.

Ukrayna Prezidenti Vladimir Zelenski ötən həftə Saakaşvilini Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri təyin edib. Əvvəlcə Saakaşvilinin Baş nazirin islahatlar üzrə müavini vəzifəsinə təyin edilməsi planlaşdırılırdı, ancaq Ali Rada bu qərarı dəstəkləmədi.

Saakaşvilinin təyin olunmasına cavab olaraq Gürcüstan Kiyevdəki səfirini geri çağırdı. Tiflisdən qərar haqda bildirildi ki, Kiyevlə diplomatik münasibətlərin pozulmasından söhbət getmir, səfir rəsmi olaraq məsləhətləşmə üçün geri çağırılıb.

Zelenski Gürcüstan səfirinin geri çağırılmasını “Tiflisin siyasi səhvi” adlandırdı. O, qərarını dəyişməyəcəyini söylədi.

Qeyd edək ki, Saakaşvili Gürcüstanda axtarışa verilib, barəsində dörd cinayət işi üzrə ittiham irəli sürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər