Gürcüstanın paytaxtı Tiflisdə indiki və əvvəlki hakimiyyətlərin tərəfdarı olan gənclər təşkilatlarının üzvləri arasında kütləvi dava olub. Tərəflər biri-birini amansızlıqla döyüblər.
RFİ agentliyinin məlumatına görə, toqquşmalara səbəb hakimiyyətdə olan “Gürcü arzusu” koalisiyasının tərəfdarları ilə müxalifətdəki Vahid Milli Birlik Partiyasının (VMBP) üzvləri arasındakı qarşılıqlı ittihamlardır. Tərəflər bir-birini zorakılıqda suçlayır.
Küçə döyüşləri Tiflisin Pekin küçəsində şənbə günü baş verib. Kütləvi davada iki QHT-nin üzvləri - müxalifətdəki VMBP-yə və sabiq prezident Mixail Saakaşviliyə rəğbətini gizlətməyən “Azad zona” gənclər təşkilatının və hakimiyyətdəki “Gürcü arzusu” koalisiyasını dəstəkləyən “Azad nəsil” gənclər təşkilatının üzvləri iştirak edib.
İğtişaşlar “Azad nəsil” təşkilatının ideoloqlarından biri olan jurnalist Zaza Davitayanın döyülməsindən sonra başlayıb. Həftəlik “Asaval-Dasavali” qəzetinin əməkdaşı olan Z.Davitaya bildirib ki, onu Saakaşviliyə rəğbət bəsləyən “Azad zona” təşkilatının üzvləri döyüblər, səbəb də jurnalistin sabiq prezidenti məhkəməyə verməyə çağıran yazıları olub.
Z.Davitaya xəstəxanaya aparılandan sonra iqtidaryönlü “Azad nəsil” təşkilatının yüzlərlə üzvü “Azad zona” təşkilatının ofisinin qarşısına toplaşıblar. Onlar ofisə soxularaq oradakı qapı-pəncərəni, mebelləri sındırıblar, həmçinin təşkilat üzvlərini döyüblər.
VMHP-dən olan deputatlar “Azad zona”ya köməyə gəlsələr də onlar da döyülüblər. Müxalifətçi deputat Koba Xabazi ağır xəsarət alıb.
Polis davanın böyüməsinin qarşısını alsa da gənclər küçələrə axışıblar. Dava-dalaş burada da davam edib. Tərəflər bir-birinə daş, şüşə qablar, yumurta atıb, bir-birini təhqir ediblər. “Azad nəsil” Saakaşvili tərəfdarı olan gəncləri “vətənə xəyanətdə, Saakaşvilinin qanlı rejimini dəstəkləməkdə” ittiham edib.
“Azad zona” isə öz növbəsində Rusiya prezidenti Vladimir Putin əleyhinə şüarlar səsləndirib, indiki hakimiyyəti Rusiyanın əlaltısı olmaqda ittiham edib və əks düşərgədən olan həmyaşıdlarını ironiya ilə “gənc putinçilər” adlandırıb.
Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze baş verən hadisəyə münasibət bildirərkən “Azad zona”nı və Saakaşvili tərəfdarlarını “Tiflisdə ikinci Maydan hadisələri yaratmaqda”, hakimiyyəti Ukraynada olduğu kimi mitinq və iğtişaşlar yolu ilə devirməyə çalışmaqda günahlandırıb.