Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs türk kinosunun ən məşhur simalarından biridir. Aktyor Tamər Karadağlıdan bəhs edirik.
Tamər Karadağlı – aktyor, rejissor
Tamər Karadağlı 1967-ci il mayın 24-də Ankarada doğulub. Əslən azərbaycanlı ailəsində doğulan Karadağlının kökləri Qarsa bağlıdır. Bakıda olarkən jurnalistlərə verdiyi açıqlamada atalarının Gəncədən olduğunu demişdi. Habelə bir azərbaycanlı qadınla evlənmək istəyində olduğunu da dilə gətirmişdi.
Hələ uşaqkən ailəsi ilə birlikdə ABŞ-a köçən Karadağlı ilk təhsilini də burada alıb. Lisey illərində Türkiyəyə qayıdaraq, təhsilini Ankarada kollecdə davam etdirib. Lakin Türkiyədə qərar tuta bilmədiyi üçün yenidən Amerikaya qayıdıb. Türkiyəyə növbəti qayıdışında isə birdəfəlik burada qalmağa qərar verib. Çankaya Liseyindən məzun olub.
Kinoya olan marağı da bu illərdə başlayıb. Liseydə oxuduğu illərdə tez-tez “Akün” kino studiyasına baş çəkirdi. Digər tərəfdən də dublyaj işinə maraq göstərirdi. O dönəmdə ingilis şair Şekspirin əsərlərinin motivləri əsasında hazırlanmış “Quru gurultu” tamaşasında rol alıb.
Bilkənt Universitetinin Səhnə və incəsənət fakültəsinin məzunudur.
İlk filmini 1993-cü ildə çəkib. TRT-də illərlə davam edən “Ferhunde hanımlar” serialında həkim Səlcuq obrazı ilə məşhurluq qazanıb. Universitet illərində başladığı dublyaj işini uğurla davam etdirib.
1200 seriyalı “Ferhunde hanımlar”dan sonra Tamər Karadağlı üçün İstanbul macərası “Çocuklar duymasın” adlı məşhur serialda aktirsa Pınar Altuğla baş rolda oynadığı “Taş fırın” Haluk obrazı ilə başlayıb.
Tamər Karadağlı 8 fərqli ingilis dili ləhcəsində danışa bilir.
Reklam filmlərində də yer alan Karadağlı aktyorluq fəaliyyəti ilə yanaşı, dünyaca məşhur bir çox həmkarını səsləndirib.
2012-ci ildə rejissor kreslosuna əyləşən Tamər Karadağlı “Süpertürk” adlı bir film çəkib. Murat Serezlinin də oynadığı filmdə Tamər Karadağlı həm rejissor, həm də aktyor olub.
Aktyor ayrı-ayrı illərdə “Bir tutam baharat”, “Beyzanın kadınları”, “Börü”, “Sinyalciler: Son akşam yemeği”, “Memlekette demokrasi var” və s. kimi bədii filmlərdə də rol alıb.
Məşhur aktrisa Arzu Balkanla 2002-ci ildə evlənən aktyor beş il sonra boşanıb. 2006-cı ildə qızları Zeyno dünyaya gəlib.
Boşandığı il bir müddət Dəniz Uğurla sevgi həyatı yaşayıb.
Tamər Karadağlının “Gıda ve Su Sanayi” adlı şirkəti var. Fəaliyyətini davam etdirən şirkət kiçik investisiyalarla böyüməyə cəhdlər edir.