Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupunun ilk onlayn görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, İşçi Qrup Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında video-konfransının Bəyannaməsinin müvafiq bəndinəəsasən təsis edilmiş və Qrupa Qoşulmama Hərəkatı üzv dövlətlərinin pandemiyaya qarşı mübarizədə əsas tibbi, sosial və humanitar ehtiyaclarının əks olunacağı vahid məlumat bazasının hazırlanması tapşırılıb.
Görüş zamanı İşçi Qrupun sədri qismində Azərbaycan nümayəndə heyəti tərəfindən Təmas Qrupunun Zirvə Görüşündən ötən müddət ərzində İşçi Qrupunformalaşdırılması və QH üzv dövlətlərinin ehtiyacları ilə bağlı məlumat bazasının hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verilmiş və hazırlanmış məlumat bazası iştirakçılara nümayiş etdirilmişdir.
Görüşdə Qoşulmama Hərəkatına üzv olan bir çoxdövlətin nümayəndələri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının çoxtərəfli məsələlər üzrə Baş Direktoru xanım Mişel Bokkoz və qurumun Əməliyyatlar və Təchizat məsələləri bölməsinin rəhbəri Paul Molinaro iştirak etmişlər.
ÜST nümayəndələri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidentinə COVID-19-a qarşı mübarizə sahəsində beynəlxalq səylərə, o cümlədən ÜST-ün fəaliyyətinə verdiyi davamlı dəstəyə görə minnətdarlıq ifadə etmiş, ölkə başçısının təşəbbüsü ilə təsis edilmiş hazırkı İşçi Qrupunun fəaliyyətinə dəstək bildirmişlər. ÜST nümayəndələri həmçinin, QH sədri qismində Azərbaycan tərəfindən ÜST-ə təqdim olunmuş müvafiq məlumatlar əsasında təşkilat tərəfindən QH üzv dövlətlərinə yardım göstərilməyə başladığını qeyd etmiş və bu istiqamətdə QH-nin İşçi Qrupu ilə bundan sonra da əməkdaşlıq etməkdən məmnun olacaqlarını vurğulamışlar.
Daha sonra görüşdə iştirak edən QH üzv dövlətləri çıxış edərək Hərəkatın sədri qismində Azərbaycanın COVID-19-a qarşı mübarizə sahəsində həyata keçirdiyi intensiv fəaliyyətə görə ölkəmizə təşəkkür etmiş və pandemiyaya qarşı mübarizə sahəsində öz ölkələrində görülən işlər barədə məlumat vermişlər.
Görüşün yekununda İşçi Qrupun fəaliyyəti ilə bağlı növbəti addımlar planlaşdırılmışdır.