“Poçtla göndəriləcək seçki bülletenləri ölülərə, pişiklərə və itlərə gedəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp Demokrat Partiyasının 3 noyabr seçkilərinin COVID-19 pandemiyası səbəbindən poçt vasitəsilə keçirilməsi tələbini tənqid edib.
Rusiya, İran və Çin kimi ölkələrin seçkilərə müdaxilə edəcəyi iddialarına diqqət çəkən Tramp, “Seçkilərdə əsas problem Çin, İran və ya Rusiya olmayacaq, Demokratlar olacaq”, deyib.
Demokratlar və Ağ Evin təşviqat paketi ilə bağlı razılığa gələ bilməyəcəyini vurğulayan prezident qeyd edib:
“Demokratlar poçt səsverməsi üçün 3.5 milyard dollar tələb edir. Uzaqdan səsvermə ölkəmizin tarixindəki ən böyük hiylədir”.
Tramp bildirib ki, Demokratlar istədikləri pulu ala bilməyəcəklər və poçt ofisi üçün tələb olunan 25 milyard dolları da verməyəcəklər.
Poçtla göndərilən seçki bülletenlərinin etibarlı olmayacağını ifadə edən Trampın sözlərinə görə, çox sayda bülleten ölü insanlara göndəriləcək: “Düşünürəm ki, hətta bəzi seçki bülletenləri pişiklərə və itlərə gedəcək”.