23 Sentyabr 2020 17:22
22 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə 5 rayonun qaytarılması, kommunikasiya xətlərinin açılması və sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsindən danışıb. Amma Lavrov çıxışında 5 rayonun qaytarılması müqabilində Qarabağın statusu və digər rayonların taleyini dilə gətirməyib. Burada əsas plan 5 rayon əvəzinə sülhməramlı qüvvələrin bölgədə yerləşdirilməsi və Azərbaycanın Ermənistanla sərhədlərinin açılması ilə bağlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, bu planda Kəlbəcər, Laçın və Dağlıq Qarabağ məsələlərinə toxunulmur:

“Rusiyanın sülhməramlı qüvvələrinin bölgədə yerləşdirilməsi Dağlıq Qarabağın Azərbaycandan alınması deməkdir. Göründüyü kimi, Sergey Lavrovun bu təklifləri Ermənistanın xeyrinədir. Ermənistan 5 rayon əvəzinə Qarabağa “müstəqillik” tələb edir. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi Lavrovun bu bəyanatına cavab verməlidir və belə şərtlərin Azərbaycan üçün qəbuledilməz olduğunu vurğulamalıdır.

Başqa sözlə, Rusiyanın istəyi budur - əsas məqsəd Dağlıq Qarabağ və iki rayonun Azərbaycandan qopardılması, Rusiya “sülhməramlı” qüvvələrinin burada yerləşdirilməsidir”.

Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan qəti şəkildə ərazilərin qaytarılması şərti ilə Dağlıq Qarabağa ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyətin verəcəyini bəyan edib:

“Rusiyanın vasitəçi kimi təklif etdiyi şərtlər bizim əleyhimizədir. Azərbaycan hazırkı siyasi kursunu davam etdirib, əraziləri istənilən variantla geri almalıdır. Qənaətimə görə, Rusiya bu təklifi Türkiyə ilə də müzakirə edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər