Türkiyədə yaşayan məşhur çeçen lider Medet Unlunu qətlə yetirən şəxs ələ keçirilib.
Teleqraf.com mücahidlərə yaxınlığı ilə seçilən “Kavkazcenter.com”a istinadən xəbər verir ki, ələ keçirilən şəxs 47 yaşlı Murad Aluçdur. Aluç Ankarada həbs edilib.
Qeyd edək ki, Medet Unlu keçən ilin mayında qətlə yetirilmişdi. O, Çeçen İçkeriya Respulikasının Türkiyədəki Diasporunun rəhbəri kimi tanınırdı. Unlu Rusiya və Kadırova qarşı sərt mövqeyi ilə seçilirdi. Onun Ərdoğanla da yaxın dostluğu olduğu deyilmişdi. Medet Unlunun ölümü üçün Murad Aluça Kadırov tərəfindən göstəriş verildiyi ilə bağlı müəyyən iddialar səsləndirilmişdi. Bu iddialar içərisində əmrin FSB-dən gəldiyi ilə bağlı məqamlar da yer almışdı.
Bəzi mətbuat orqanları isə Medet Unlunun Kadırovu təhqir etməsindən sonra öldürüldüyünü bildirmişdi. Həmçinin, Kadırovun bu ölümə görə Aluça 1 milyon dollar verdiyi iddi edilirdi. Unlunun ölümündən iki gün sonra Aluçun Rusiyaya qaçdığı xəbəri yayılmışdı.
Xatırladaq ki, o, Aslan Mashadovdan sonra çeçen mücahidlərinin lideri olan Əbdül Xalim Sadullayev tərəfindən o zaman Çeçen İçkeriyanın ikinci vitse-prezidenti Əhməd Zakayevin təklifi ilə Türkiyədə səfir vəzifəsinə təyin olunmuşdu. Sadullayev isə bundan bir il sonra, yəni 2006-cı ildə qətlə yetirilmiş və onu bu vəzifədə Doku Umarov əvəz etmişdi.