İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı normallaşma razılaşmasından sonra vizalar qarşılıqlı ləğv ediləcək.
Teleqraf.com xəbər verir ki, İsrail mətbuatında gedən məlumata görə, vizanın ləğvi barədə qarşılıqlı müqavilənin bu gün imzalanacağı gözlənilir.
Razılaşma baş tutarsa, BƏƏ İsraillə vizanı ləğv edən ilk ərəb ölkəsi olacaq.
Sazişin Təl-Əvivdəki “Ben Gurion” Beynəlxalq Hava Limanında keçiriləcək mərasimdə imzalanacağı deyilir. Toplantıda İsrailin Baş naziri Benyamin Netanyahu, ABŞ Maliyyə Naziri Stiven Mnuçin və BƏƏ Maliyyə Naziri Ubeyd bin Hamid et-Tayyarın ortaq açıqlama verəcəyi gözlənilir.
Digər tərəfdən, bu gün İsrailə gələcək BƏƏ heyətinin iki ölkə arasında ticari səfərləri asanlaşdırmaq üçün bir sıra müqavilələr imzalayacağı deyilir.
Qeyd edək ki, İsrail sentyabrın 15-də Ağ Evdə təşkil edilən mərasimdə BƏƏ və Bəhreynlə münasibətləri normallaşdırmaq üçün müqavilə imzalamışdı.