1 Dekabr 2020 15:23
2 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) BMT tərəfindən tanınan Liviya hökumətinə qarşı döyüşən Xəlifə Haftarın rəhbərlik etdiyi qanunsuz silahlı qüvvələrə dəstək olaraq Rusiya muzdlularını maliyyələşdirir”.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) verdiyi açıqlamada bildirilib.

“Foreign Policy”də yer alan xəbərə görə, Pentaqonun Afrikadakı antiterror əməliyyatlarından məsul baş müfəttişinin hazırladığı hesabatda BƏƏ-nin Rusiyanın təhlükəsizlik şirkəti “Vaqner” qrupuna bağlı qüvvələrə pul verdiyi təsbit edilib.

Məlumatda Prezident Vladimir Putinə yaxınlığı ilə tanınan iş adamı Yevgeni Priqojin tərəfindən qurulmuş təhlükəsizlik şirkəti rus ordu və kəşfiyyatı ilə birlikdə Rusiya maraqlarına uyğun olaraq bölgələrdə sabitliyi pozan əməliyyatlar aparmaqda günahlandırılır: “Kreml şirkətin dövlətlə əlaqəsi olduğunu inkar edir”.

Pentaqonun hesabatı ABŞ-ın Körfəzdəki müttəfiqi BƏƏ ilə münasibətlərinə də mənfi təsir edə bilər. Artıq ABŞ Konqresindəki Demokratlar Donald Trump administrasiyasının Əbu-Dabiyə 23 milyard dollarlıq “F-35” döyüş təyyarəsi satmasını dayandırmaq üçün kampaniyaya başlayıblar.

BƏƏ-nin Liviya münaqişəsindəki rolunu gizlətmək üçün rus muzdlularından istifadə etdiyi iddiası bu ölkədəki müşahidəçilər tərəfindən çoxdan səsləndirilib. İddia ilk dəfə Pentaqonun hesabatı ilə ABŞ rəhbərliyi tərəfindən rəsmi olaraq tanınıb.


Müəllif: Mənsur Rəğbətoğlu