Rusiya Dövlət başçısı Vladimir Putin ABŞ-ın 2021-ci ilin fevralında sona çatacaq Strateji Silahların Azaldılması Müqaviləsinin uzadılması ilə bağlı Moskvanın təkliflərinə cavab vermədiyini söyləyib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Rusiya Müdafiə Nazirliyinin iclasında çıxışı zamanı danışıb.
“Bildiyiniz kimi, gələn 2021-ci ilin fevralında bitəcək Strateji Silahlar Müqaviləsi ilə bağlı heç bir əminlik yoxdur. Bu razılaşmanı uzatmağa hazır olduğumuzu dəfələrlə bildirdik. Cavab yoxdur”, - Putin qeyd edib.
Strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılmasına dair tədbirlər haqqında Müqavilə (START-3) 2010-cu ildə Rusiya və ABŞ prezidentləri Dmitri Medvedev və Barak Obama tərəfindən imzalanmış, 2011-ci ildə qüvvəyə minmişdi. Müqavilə hər iki tərəfə nüvə arsenallarını məhdudlaşdırmaq öhdəliyi verirdi.
Putin əvvəllər müqavilənin ilkin şərt olmadan beş il uzadılmasını təklif etmişdi. ABŞ rəhbərliyi yeni üçtərəfli nüvə sazişinin müzakirəsi üçün danışıqlara Çinin daxil edilməsinin vacibliyini açıqlamışdı. Pekində bu təklif rədd edilir.