Rusiya Suriyanın Latakiya bölgəsindəki Xmeymim hərbi hava bazasından Türkiyə ilə sərhəddə yerləşən Qamışlı bölgəsinə yüzlərlə canlı qüvvə və texnika göndərib.
Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, Qamışlı ətrafındakı rus qüvvələrinin sayı 1000-ə çatıb.
Rusiya YPG/PKK terror təşkilatının nəzarətində olan Haseke və ətrafındakı mövqelərini gücləndirməyə davam edir, artıq rusların bölgədəki hərbi qüvvələrinin sayı 1000-ə çatdırılıb. Məlumata görə, Rusiya son bir ayda Fərat çayının şərqindəki Haseke vilayətində hərbi bazaların və digər hərbi nöqtələrin formalaşdırılmsı və gücləndirilməsini sürətləndirib.
Rus ordusu dekabr ayı ərzində Xmeymim bazasından nəqliyyat təyyarələri vasitəsilə Qamışlıya yüzlərlə zirehli texnika və logistik vasitələr göndərib. Keçən həftə Latakiyadan Qamışlıya çox sayda rus əsgəri, habelə 2 döyüş təyyarəsi və 6 helikopter gətirilib. Əsgərlər Qamışlı hava limanında və Əsəd rejiminin nəzarəti altında olan Rusiya bazasında yerləşdirilib. Möhkəmləndirmələrdən sonra hava limanında və ətrafında yerləşən rus qüvvələrinin sayı iki dəfə artaraq 1000 nəfərə çatıb.