Hollandiyanın Amsterdam və Eyndhoven şəhərlərində koronavirus (COVID-19) pandemiyasına qarşı görülən tədbirlər və komendant saatı ilə əlaqədar etiraz aksiyaları keçirilib.
Teleqraf.com xəbər verir ki, hökumət mitinqlərin icazəsiz keçirildiyini əsas götürərək, insanların Amsterdamdakı Muzey Meydanında toplanmasına imkan verməyib.
Polis etirazçılara nümayişin icazəsiz olduğu xəbərdarlığını etdikdən sonra su şırnaqları ilə müdaxilə edib.
Amsterdam meriyasının verdiyi açıqlamada nümayişin icazəsiz olduğu və nümayişçilərin etiraz hüquqlarından sui-istifadə etdikləri bildirilib.
Eyndhoven şəhərindəki 18 Sentyabr Meydanında keçirilən nümayişə atlı və zirehli polis qüvvələri polis itləri və gözyaşardıcı qazla müdaxilə edilib.
Nümayişçilər polisə fişənglər və qolf topları ilə cavab verib. Bəzi nümayişçilərin yaralandığı aksiyada 30-dan çox insanın saxlanıldığı deyilib.
Nümayişçilərin dəmir yolunda toplanması səbəbindən qatar xidmətlərinin bir müddət dayandırıldığı şəhərdə stansiyalardakı bəzi dükanlar da talan edilib.
Amsterdamda isə 150 nəfərin nəzarətə alındığı açıqlanıb.
COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində dünən saat 21:00 – 04:30 arasında ölkə daxilində komendant saatı tətbiq edilib.