Yəməndə İran tərəfindən dəstəklənən qiyamçı husilər Səudiyyə Ərəbistanının cənubundakı bir hərbi bazaya ballistik raketdən zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə qiyamçı qüvvələrin sözçüsü Yəhya Səri bildirib.
Açıqlama Yəmən hökumətini dəstəkləyən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin husilərin mövqelərinə atılan raketin zərərsizləşdirilməsindən sonra gəlib.
Səri açıqlamasında Səudiyyə Ərəbistanının Hamis Muşayt bölgəsindəki Kral Xalid Hava Bazasını ballistik raketlə hədəf aldıqlarını deyib.
Hədəfin bir atışla vurulduğunu iddia edən Yəhya Səri bu addımın qarşı tərəfə cavab xarakteri daşıdığını söyləyib.
Husilər son zamanlarda Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən orta və uzaqmənzilli ballistik raketlərlə yanaşı, pilotsuz təyyarələrdən də istifadə edərək ölkənin bəzi bölgələrini hədəf alır.
İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından bu yana paytaxt Səna və Yəmənin bəzi bölgələrinə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından bəri husilərə qarşı Yəmən hökumətinə dəstək verir.