ABŞ-ın Ankaradakı səfiri David Satterfield Türkiyə Milli Müdafiə Nazirliyinə gələrək görüş keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Görüşdə ABŞ səfiri Satterfield İraqın şimalındakı Qara bölgəsində keçirilən əməliyyatda şəhid olan türk əsgəri və əməliyyat zamanı PKK tərəfindən şəhid edilən 13 vətəndaşımızla bağlı başsağlığı verib. Eyni zamanda Qarada edilən qətliamda PKK terror təşkilatını günahkar saydıqlarını vurğulayıb”, -Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilib.
Qeyd edək ki, Ankara-Vaşinqton xəttində müşahidə olunan gərginlik konteksində İraqın Qara bölgəsində öldürülən türk vətəndaşları ilə bağlı Dövlət Departamenti də açıqlama ilə çıxış edib.
Açıqlamada Türkiyəyə başsağlığı verilib və bəyan edilib ki, NATO müttəfiqimiz olan Türkiyənin yanındayıq.
Bununla belə açıqlamada xüsusi bir ifadə diqqət çəkib. Dövlət Departamentinin “Türk vətəndaşlarının PKK terror təşkilatının əlində olduğu xəbərlər “doğrudursa”, bu halı kəskin şəkildə qınayırıq” ifadəsi Ankaranın narazılığına səbəb olub. Bu səbəbdən də Prezident Ərdoğan son çıxışında ABŞ-ı kəskin tənqid edib.