28 Fevral 2021 14:08
3 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aparıcı ölkələrin hərbi sənaye kompleksləri silahların effektliliyi haqda miflərə onların istehsalından az resurs xərcləmirlər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert ABŞ və Rusiyanın hərbi sənaye komplekslərinin məhsulları haqda dünya mediasında gedən müzakirələrə diqqət çəkib:

“Paşinyanın “İsgəndər” raketlərinin effektli olmaması haqda iddiasını təkzib edən Rusiya Müdafiə Nazirliyi sübut kimi sözügedən sistemin Suriyada istifadə olunduğunu və dəqiqliyini isbat edən kadrlar yayıb. Yayılan kadrları geolokasiya əsasında təhlil edən mənbələrə istinad edən “Conflict İntelligence Team” qrupunun mütəxəssisləri isə vurulan obyektin Suriyanın Azaz şəhərindəki dövlət xəstəxanası olduğunu iddia edir.

Maraqlıdır ki, hələ 2016-cı ilin fevralında “Human Rights Watch” Rusiya Hərbi-Kosmik Qüvvələrinin Suriyanın şimalında xəstəxanalara zərbələr endirdiyini bildirmişdi. “New York Times” isə araşdırma apararaq Rusiya hərbçilərinin Suriyada azı 3 xəstəxananı vurduğunu yazmışdı.

Kimin haqlı, kimin haqsız olduğunu mühakimə eləmək fikrim yoxdur, amma elə hallar var ki, susmaq həqiqətən qızıldır. Üstəlik də söhbət silahdan, savaşdan, zərbədən gedəndə, çünki danışanda çox rahatlıqla özünü tələyə salmaq olar. Hələ üstəlik də hansısa foto və ya video materiallar təqdim edəndə”.

Ərəstun Oruclu hesab edir ki, aparıcı ölkələrin hərbi sənaye kompleksləri silahların effektliliyi haqda miflərə onların istehsalından az resurs xərcləmirlər:

“Miflər isə gec ya tez dağılmağa məhkumdur. Mifdən söz düşmüşkən, bu günlərdə amerikalıların da bir bahalı mifi dağıldı. Haqqında əfsanələr uydurulan 5-ci nəsil “F-35” təyyarələri, sən demə, özünü doğrultmayıb. “Nyu York Times” bunu daha sərt sözlərlə ifadə etmişdi. Əlbəttə, bunu anlamaq olar, çünki söhbət çölə atılmış nə az, nə çox bir trilyon dollardan gedir. Amma deyəsən, Azərbaycan seçimini düz edib. Hələlik “Bayraktar”, “Harop”, “LORA” haqda belə söz-söhbətlər yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu