20 Mart 2021 12:03
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Co Baydenin Vladimir Putin haqda səsləndirdiyi fikirlərlə iki ölkənin münasibətlərində yeni dövr başladı”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Kiril Koktış deyib.

“Baydenin yaşını və onu müşayiət edən yaş xüsusiyyətlərini nəzərə alsaq, verdiyi açıqlamanın nə qədər şüurlu olduğunu deyə bilmərik. Bəlkə də Baydenin özü də nə dediyinin fərqində deyil”, - Koktış söyləyib.

Ekspert bundan sonra ABŞ və Rusiya arasındakı gərginliyin daha da artacağını, aradakı pərdənin tamamilə qalxacağını iddia edib:

“Bütün hallarda, Baydenin səsləndirdiyi fikirlər Rusiya və ABŞ arasındakı münasibətlərdə yeni dövrün başlanğıcı oldu. Amerika liderinin Rusiyaya qarşı sərt danışmaq məcburiyyətində olduğu bəllidir, bu onun hazırladığı siyasətdir.

Biz yeni reallığa qədəm qoyuruq, qarşıdan olduqca sərt və sanksiyalı bir dövr gəlir. Bu da başqa bir dövrün yaxınlaşması deməkdir, söhbət Rusiya və ABŞ arasındakı sərhədlərin və pərdənin tamamilə götürlməsindən gedir. O qədər də asan olmayacaq”.

Koktış sərt siyasi xətt seçən Baydenin ABŞ-ın Rusiya və Çin qarşısındakı əvvəlki hegemoniyasını bərpa etməyə çalışdığını deyib.

Qeyd edək ki, Bayden bundan əvvəl verdiyi açıqlamada Putini “qatil” adlandırıb. O, Rusiya liderinin ABŞ-dakı son prezident seçkilərinə edilən müdaxiləyə görə cavab verəcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər