İnkişaf etmiş ölkələr dünyada istehsal olunan peyvəndlərin təxminən 60%-ni satın alıb və inkişaf etməkdə olan ölkələr üçün bu preparatların çatışmazlığını yaradıblar.
Teleqraf.com xəbər verir ki, bunu Çinin Xarici İşlər naziri, Çin Xalq Respublikası Dövlət Şurasının üzvü Van İ Çin Xarici İşlər Nazirliyinin saytında dərc olunan müsahibəsi zamanı bildirib.
Nazirlik rəhbərinin sözlərinə görə, dünyada “peyvənd millətçiliyi” güclənib. “Dünya əhalisinin 16%-ni təşkil edən zəngin ölkələr dünya üzrə peyvəndlərin 60%-ni satın alıblar. Bəzi inkişaf etmiş ölkələr öz əhalisinin sayından 3-4 dəfə çox miqdarda peyvənd sifariş ediblər”, – deyə o bildirib.
“Eyni zamanda bu, inkişaf etməkdə olan bir çox ölkələrin ciddi peyvənd çatışmazlığı ilə üzləşməsi ilə açıq şəkildə ziddiyyət təşkil edir. Bir çox ölkələr isə heç olmazsa bir doza almaq üçün belə çətinliklərlə üzləşiblər”, – nazir qeyd edib. Van İ bildirib ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndləmə nisbətində yaranan bu uyğunsuzluq indi acınacaqlı və təəssüf doğuran reallığa çevrilir.
Nazir qeyd edib ki, Çin 80-dən çox ölkənin və üç beynəlxalq təşkilatın peyvəndlə təmin olunmasına köməklik edib, habelə dünyanın 40-dan çox ölkəsinə bu preparatların kommersiya yolu ilə çatdırılmasını həyata keçirib. Eyni zamanda ÇXR peyvəndlərin hazırlanması və yaradılması sahəsində 10 ölkə ilə əməkdaşlıq edir və onların istehsalı və yayılması üçün dünyada regional mərkəzlər yaratmaq niyyətindədir.