2021-ci ili ölkəmiz və millətimiz üçün bir şahlanma ilinə çevirəcəyik. Son 19 il ərzində xüsusilə nəqliyyat sahəsində Türkiyənin respublika tarixində rekordlara imza atdıq. İqtidara gəldiyimizdə ölkəmizdə uzunluğu, sadəcə, 6100 kilometrə çatan yollar var idi, biz bunu 28 min 200 kilometrə çatdırdıq. Ölkəmizin magistral yollarının uzunluğunu 3523 kilometrə yüksəldərək, iki dəfədən çox artırdıq. 2002-ci ildə 83 tunelimiz var idi, bu gün bu rəqəm 435-ə yüksəlib. Tunellərin ümumi uzunluğu 50 kilometrdən 595 kilometrə, körpülərin uzunluğu isə 311 kilometrdən 701 kilometrə çatdırılıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin “Hasankeyf-2” körpüsünün açılış mərasimində İstanbulun Hube Köşkündən canlı bağlantı ilə iştirakı zamanı bildirib.
Sözlərinə bu gün vəfatının 28-ci ildönümündə Türkiyənin səkkizinci Prezidenti mərhum Turqut Özalın xatirəsini yad etməklə başlayan Rəcəb Tayyib Ərdoğan bütün bu xidmətləri çox vaxt terror təşkilatları, onların dəstəkçiləri və hər şeyə qarşı çıxaraq layihələrin önünü kəsməyə çalışan müxalifətlə mübarizə şəraitində həyata keçirdiklərini vurğulayıb.
Ölkənin nəqliyyat sahəsinə indiyədək 932 milyard lirə sərmayə qoyulduğunu deyən Prezident Türkiyənin şəhərlərinin əhəmiyyətli hissəsinə dəmir yolu, metro və tramvay xətlərinin çəkildiyini, hava limanı sayının isə 56-ya çatdırıldığını deyib.
Qardaş ölkədə pandemiya ilə mübarizə tədbirləri haqqında danışan Rəcəb Tayyib Ərdoğan dünyanın 100-ə yaxın ölkəsinin hələ ki, ilk doza vaksin əldə edə bilmədiyi halda Türkiyədə vətəndaşlara 20 milyon doza peyvəndin vurulduğunu bildirib.