“İran Türkiyə və Səudiyyə ilə yan-yana durarsa və birlikdə hərəkət edərsə, bölgənin mənzərəsi tamamilə dəyişər”.
Teleqraf.com xəbər verir ki, bu sözləri 2005-2013-cü illərdə İran prezidenti olmuş Mahmud Əhmədinecat deyib.
O bildirib ki, belə bir birliyin olması çox asan şəkildə baş tuta bilər: “Üç ölkə arasında maraqlar mübahisə edilən məsələlərdən qat-qat çoxdur. Bu ortaq maraqları uzlaşdırsaq, hər şey asan olar”.
Bununla belə sabiq prezident özünün hakimiyyətdə olduğu zaman buna niyə cəhd etmədiyinə dair heç nə deməyib.
Sabiq prezident Türkiyə, İran və Rusiyanın Suriya böhranı ilə bağlı Astana mərhələsi çərçivəsində fəaliyyətini də yüksək qiymətləndirib: “İran, Türkiyə və Rusiya Suriyada barışın yaranmasına kömək edə bilərlər. Bu halda Suriya xalqının iradəsi hakim ola bilər. Bölgə xalqları və ölkələri dost ola bilərsə, böyük güc ortaya çıxa bilər. Hegemonluq deyil, dünyada sülhə və barışa xidmət edəcək güc...”.