11 İyun 2021 10:46
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü NATO Liderləri Zirvəsi üçün Belçikanın paytaxtı Brüsselə gedəcək.

Teleqraf.com “Hüriyyət”ə istinadən xəbər verir ki, Ərdoğan sammit çərçivəsində ABŞ Prezidenti Co Bayden və NATO üzvü olan digər ölkələrin liderləri ilə görüşəcək.

Baydenlə görüşdə Türkiyə-ABŞ münasibətlərindəki yeni dövrün yol xəritəsi ətraflı müzakirə ediləcək. Regional məsələlər, xüsusilə iki ölkə arasındakı münasibətlər bütün ölçüləri ilə nəzərdən keçiriləcək.

İki ölkə arasında 9 kritik mövzunun gündəmdə olacağı görüşdə əməkdaşlıq imkanları və Türkiyə üçün həssas olan məsələlərin həlli istiqamətində atılacaq addımlar ətrafında müzakirə aparılacaq.

Görüş Türkiyə-ABŞ münasibətlərində “yeni dövr”ün başlanğıcı hesab olunur.

Ərdoğan görüşdə FETÖ-nün ABŞ-dakı varlığı və Suriyada PKK-YPG terror təşkilatına verilən dəstək kimi məsələlərin həllinin Türkiyə-Amerika münasibətlərinin irəliləməsi üçün vacib olduğunu amerikalı həmkarının diqqətinə çatdıracaq. Görüş zamanı Bayden administrasiyasından müttəfiqlik münasibətlərinə uyğun olaraq bu məsələlərdə Türkiyəni qane edəcək addımları atması tələb ediləcək.

Ərdoğan-Bayden görüşündə ən kritik mövzulardan biri də, “S-400” məsələsi olacaq. Eyni zamanda, Türkiyənin “F-35” proqramından çıxarılması və sanksiyaların əsassız olduğu və müttəfiqlik ruhuna uyğun olmadığı ifadə ediləcək.

Ərdoğan-Bayden görüşündə Suriya məsələsi kontekstində İdlibdəki hadisələr, qaçqın problemi, Liviyadakı gəlişmələr, Aralıq dənizinin şərqi məsələsi və Azərbaycandakı (Qarabağ) son vəziyyət də əsas müzakirə mövzularından biri olacaq.

İki liderin görüşü zamanı Türkiyə və ABŞ arasındakı 100 milyard dollarlıq ticarət hədəfi, qarşılıqlı investisiyalar və əməkdaşlıq imkanları ilə əlaqədar atıla biləcək addımlar da müzakirə ediləcək.

Ərdoğanın NATO Liderlər Sammitində alyansın Baş katibi Yens Stoltenberq Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, İngiltərə Baş naziri Boris Conson və Yunanıstan Baş naziri Kriakos Mitsotakislə də ikitərəfli görüşləri planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu