15 İyun 2021 12:35
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və ABŞ prezidentləri həllini tapmamış ikitərəfli məsələləri, strateji stabilliyi və regional münaqişələri müzakirə edəcəklər.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

“Rusiya və ABŞ arasındakı münasibətlərdə vəziyyət kritik dərəcəyə yaxındır və iki ölkə prezidentləri Vladimir Putin və Co Baydenin Cenevrədəki görüşü onların bəzi məsələlərdə anlaşma əldə etmələrinə kömək etməlidir”, – deyə Uşakov qeyd edib.

O bildirib ki, dövlət başçıları həm Moskvanı, həm də Vaşinqtonu narahat edən demək olar bütün məsələləri müzakirə edəcəklər:

“Regional problemlər “desert üçün” nəzərdə tutulub: Bunlar Yaxın Şərq, Suriya, Liviya, İranın nüvə proqramı ətrafında vəziyyət, Əfqanıstanda, Koreya yarımadasında, Dağlıq Qarabağda nizamlanma məsələləridir. Bir də aydındır ki, Ukrayna məsələsi. Bəlkə də bəzi digər məsələlər müzakirə oluna bilər. Prezidentlər istədikləri mövzuya toxuna bilərlər, heç kim bu haqqı inkar edə bilməz, müzakirə zamanı əvvəlcədən razılaşdırılmayan və gündəlikdə nəzərdə tutulmayan məsələlərə də toxunulacaq”.

Rusiya liderinin köməkçisi V.Putin və C.Bayden arasında danışıqların üç hissədən ibarət olacağını söyləyib: “Birinci hissə məhdud tərkibdə keçiriləcək söhbətdir, daha sonra danışıqlar genişlənmiş formatda davam edəcək. Sonra çay və qəhvə üçün qısa fasilə olacaq, fasilədən sonra danışıqlar davam edəcək”.

Bundan sonra prezidentlər ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəklər.

Kremldə qeyd ediblər ki, sammit “La Qranj” villada – gölün sahilində gözəl bir yerdə təşkil olunacaq. Görüş iyunun 16-da Cenevrə vaxtı ilə 13:00-da (Moskva vaxtı ilə 14:00, Bakı vaxtı ilə 15:00-da) başlayacaq, lakin nə qədər davam edəcəyini söyləmək hələlik çətindir.


Müəllif: Səxavət

Oxşar xəbərlər