“ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə görüşü Vaşinqtonun maraqlarına zərbə oldu”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) analitiki Frederik Fleytz deyib.
Onun fikrincə, Baydenin NATO sammitindən sonra keçirdiyi mətbuat konfransındakı qeyri-müəyyən mövqeyi onu nəhəng, qlobal auditoriya qarşısında zəif göstərdi. O, Amerika liderinin mediaya verdiyi açıqlamaların ləng və əsəbi, bəzən hətta müdafiə xarakterli olduğunu söyləyib. Fleytz Putinin amerikalı həmkarı fonunda güclü və təvazökar göründüyünü vurğulayıb.
Fleytz hesab edir ki, Rusiya lideri ikitərəfli görüşdən öz məqsədləri üçün ustalıqla istifadə edib və mətbuatın qarşısında inamla dayanıb.
O, Baydenin Putinə diplomatik qələbə təqdim etdiyini və bunun müqabilində heç bir şey ala bilmədiyini söyləyib. Onun sözlərinə görə, Amerika lideri xarici müxaliflər qarşısında ABŞ-ın maraqlarını müdafiə edə bilməyib. Fleytz onu da əlavə edib ki, Cenevrədəki görüşdən sonra Amerika tərəfi zəifləmiş kimi görünür və bu da Vaşinqtonun düşmənlərinin mövqelərini gücləndirir.