Rusiya yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbindən sərhədlərini bağlayan və qıtlıq riski ilə üzləşən Şimali Koreyaya peyvənd verməyi təklif edib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
“Səfirliyimizin Şimali Koreya rəhbərliyinin nümayəndələri ilə təmaslarında dəfələrlə demişdik ki, lazım olsa, kömək etməyə hazırıq. Bu, əlbəttə ki, peyvənd və tibbi ləvazimatlara da aiddir. Şimali Koreya epidemiya başlayandan bəri COVID-19-un yayılmasının qarşısını almaq üçün özünü dünyadan təcrid edib. Sözügedən tədbirlər tam bağlanma kimi bir vəziyyət yaradıb", - deyə nazir bildirib.
Qeyd edək ki, Rusiyanın Pxenyandakı səfiri verdiyi açıqlamada belə sərt məhdudiyyətlər altında yaşamağın mümkün olmayacağına dair xəbərdarlıq etmişdi. Səfirlik xüsusilə tibbi ləvazimat çatışmazlığına diqqət çəkmişdi.
2020-ci ilin sonunda Şimali Koreyada baş verən qasırğalar əkin sahələrinə və məhsula ziyan vurmuşdu. Pxenyan rəhbərliyi epidemiya səbəbindən sərhədlərini bağlayıb və Çinlə qida ticarətini dayandırıb.
BMT-nin dünən yayımlanan hesabatında, bu il Şimali Koreyada 860 min ton qida kəsirinin olduğu bildirilib.