Rəsmi London Oman sahillərində “Mercer Street” tankerinə qarşı edilmiş “qanunsuz və amansız” hücumun arxasında İranın dayandığını hesab edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab açıqlama verib.
“Böyük Britaniya beynəlxalq tərəfdaşları ilə birlikdə bu qəbuledilməz hücumla bağlı razılaşdırılmış cavab hazırlamağa çalışır”, - deyə diplomat qeyd edib, onun açıqlaması hökumətin rəsmi saytında yayılıb.
O, ticarət gəmisinə edilən hücumu beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb.
D.Raabın sözlərinə görə, Tehran “Mercer Street” gəmisinə hücum etmək üçün, “çox güman ki”, bir və ya bir neçə pilotsuz uçuş aparatından istifadə edib.
“İran bu cür hücumlara son qoymalı və gəmilərin beynəlxalq hüquqa uyğun şəkildə sərbəst hərəkət etməsinə icazə verilməlidir”, - nazir belə deyib.
Qeyd edək ki, Yaponiyaya məxsus olan tankerin Hind okeanında dəniz quldurlarının hücumuna məruz qalıb. Nəticədə Britaniya və Rumıniya vətəndaşları olan iki ekipaj üzvü ölüb. Sonradan ekipaj gəmiyə nəzarəti bərpa edib və ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə hərəkət etməyə başlayıb.
“Associated Press” agentliyi xəbər verir ki, Liberiya bayrağı altında üzən “Mercer Street” gəmisi “Zodiac Group”un sahibi olan israilli iş adamı Eyal Oferlə əlaqələndirilir. ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tankerə pilotsuz təyyarə ilə hücum edildiyi qənaətindədir.