Rusiya Xarici İşlər naziri Sergey Lavrov Mali hökumətinin terrorçularla mübarizə aparmaq üçün kömək məqsədilə bir rus özəl hərbi şirkətinə (“Vaqner”) müraciət etdiyini söyləyib.
Teleqraf.com xəbər verir ki, o, rəsmi Moskvanın bu əməkdaşlıqla heç bir əlaqəsinin olmadığını iddia edib.
Nazir Malinin ölkənin şimalında terrorizmlə mübarizə aparmalı olan hərbi kontingentini əhəmiyyətli dərəcədə azaltmaq niyyətində olduğu üçün “Vaqner”ə müraciət etdiyini deyib. O əlavə edib ki, bölgədə hələ də silahlı qruplaşmalar fəaliyyət göstərirlər.
Kremlin sözçüsü Dmitri Peskov bundan əvvəl Mali ərazisində rus hərbçilərinin olmadığını söyləyib.
“Vaqner”in Maliyə daxil olması məsələsi dünən Lavrovla Fransa Xarici işlər naziri Jan-İv Lyö Drianın görüşündə qaldırılıb. Drian Lavrovu xəbərdar edərək bildirib ki, rus hərbçiləri Maliyə daxil olsa, bunun ciddi nəticələri olacaq.
Qeyd edək ki, “Röyter” bir neçə gün əvvəl Mali hökumətinin Rusiyanın “Vaqner” qrupu ilə müaqavilə imzalaması haqda məlumat yayıb. Anlaşmaya görə, “Vaqner” Mali rəsmilərinin təhlükəsizliyini təmin etmək və terrorçularla mübarizə aparmaq məqsədilə bu ölkəyə 1000-dən çox hərbçi göndərməlidir.