25 Oktyabr 2021 12:34
1 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika Sakit okeanda baş verən Rik qasırğası səbəbindən çətin günlər yaşayır.

Teleqraf.com xəbər verir ki, hazırda risk səviyyəsi 1-də olan, amma daha sonra 2-yə yüksələcəyi gözlənilən qasırğa nəticəsində Siuatanexo şəhəri ilə Lazaro Kardenas limanı arasındakı zolağın su altında qalacağı gözlənilir.

Meksika Meliorasiya Komitəsindən verilən açıqlamada küləyin sürətinin orta hesabla 140 kilometr olduğu və qasırğanın şimala doğru 9 kilometr sürətlə hərəkət etdiyi bildirilib. Küləyin sürətinin yerlərdə maksimum 165 kilometrə çatdığı deyilib. Qasırğanın Gerrero sahillərindən 180 kilometr aralıda olduğu bildirilsə də, artıq bir çox şəhərlərdə fırtına və leysan yağışlarının yağdığı, əraziləri su basdığı ​​və ağacların məhv olduğu vurğulanıb.

Aidiyyəti qurumlar qasırğanın quruya çatana qədər intensivliyini daha da artıraraq 2-ci kateqoriya səviyyəsinə çatmasının gözlənildiyini, Miçoxan və Gerrero sahillərində dalğanın hündürlüyünün 7 metrə çata biləcəyini bildiriblər. Sakinlərdən daşqın və torpaq sürüşmələrinə qarşı diqqətli olmalarını istənilib. Bir çox şəhərlərdə vətəndaşlar üçün sığınacaqlar qurulub.

Meksika Prezidenti Andres Manuel Lopez Obrador verdiyi açıqlamada qasırğanın böyük dağıntılara səbəb olacağını gözləmədiklərini, amma ordunun vətəndaşlara hər cür yardım etməyə hazır olduğunu deyib.


Müəllif: Mənsur Rəğbətoğlu