İsrailin infrastruktur, enerji və su ehtiyatları naziri Karina Elharrar BMT-nin Şotlandiyanın Qlazqo şəhərində keçirilən İqlim Dəyişikliyi Konfransında ona əlil arabası üçün uyğun şərait yaradılmadığı üçün iştirak edə bilməyib.
Teleqraf.com xəbər verir ki, təşkilatçılar tərəfindən iki saat gözlədilən nazir bundan sonra qaldığı otelə qayıdıb.
Naziri konfransın keçirildiyi məkana aparmaq üçün təklif olunan avtomobillər əlil arabası istifadəçiləri üçün uyğun olmayıb.
İsrail Energetika Nazirliyindən verilən açıqlamada bildirilib ki, konfransın təşkilatçıları əlil arabasına məhkum olan Elharrarın öz avtomobili ilə konfransa getməsinə icazə verməyiblər və onu 2 saata yaxın gözlədiblər. Qeyd olunub ki, Elharrara başqa bir avtomobil təklif olunub, amma bu, əlil arabasından istifadə edənlər üçün uyğun olmayıb. Əzələ distrofiyası olan Elharrarın qaldığı otelə qayıtdığı deyilib.
Xanım nazir Tvitter hesabından verdiyi açıqlamada baş verənlərə görə təəssüfləndiyini bildirib və BMT-ni tənqid edib.
İsrail Baş naziri Naftali Bennet baş verənləri eşitdikdən sonra Elharrara telefonla zəng edib və bunun qəbuledilməz olduğunu bildirib.