19 Noyabr 2021 13:57
1 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb ölkələrində uyğur problemi əvvəlkitək Çinlə münasibətlərdə əsas müzakirə mövzularındandır. Bu sırada Çexiya ön sıralardadır. Rəsmi Praqanın Moskva ilə münasibələrindəki gərginlik bəllidir. Çexiyada bir neçə il əvvəl silah anbarında partlayış olmuşdu. Aparılan tədqiqat göstərdi ki, partlayışda rusiyalı xəfiyyələrin əli var. Praqa anbarı partladan Rusiya vətəndaşlarının şəkillərini paylaşdı. Bundan sonra Moskva-Praqa münasibətləri gərginləşdi. Əvvəlcə Çexiya Rusiyanın Praqadakı səfirliyinin xeyli diplomatını evə göndərdi. Buna cavab olaraq Rusiya da Çexiya səfirliyinin fəaliyyətini məhdudlaşdırdı, Çexiyanın Moskvadakı mədəniyyət mərkəzi qapadıldı və sair”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin yayımladığı analitik materialda bildirilib.

Məqalədə qeyd edilib ki, Çexiya Rusiya ilə münasibətlərdə gərginlik yaşamaqla yanaşı, Moskvanın strateji tərəfdaşı Pekinlə münasibətlərdə də geri addım atmayıb:

“Bir müddət əvvəl Praqada Şərqi Avropada sürgündə olan uyğurların qurultayının keçirilməsinə qərar verilib. Öz növbəsində uyğurlar Çexiyada “mühacir hökumət” formalaşdırmağa qərar veriblər.

Bəs nəyə görə uyğurlar fəaliyyətləri üçün məhz Praqanı seçiblər?

Uyğurlar Çexiyanı Avropada insan haqlarının qorunmasının əsas mərkəzlərindən biri hesab edirlər. Buna baxmayaraq, Çexiyada bəzi siyasətçilər uyğurların Praqada fəaliyyətindən ehtiyat ediblər. Onlar hesab ediblər ki, uyğurların fəaliyyəti nəticəsində Çinin Çexiyaya təzyiqi artacaq. Bu sözlər təkcə Praqanın meri Zdenek Qribjiyə aid deyil. O, uyğurların məhz Praqada qurultay keçirmələrini dəstəkləyib və Çexiya Xarici İşlər Nazirliyi merə mane ola bilməyib. Bu o merdir ki, sovet marşalı Konevin Praqanın mərkəzindən abidəsinin götürülməsini təmin etmiş və bu Rusiya-Çexiya münasibətlərində əlavə gərginlik yaratmışdı. Bu həmin merdir ki, Tayvanla bağlı Praqada tədbirin keçirilməsinə şərait yaratmış və buna görə Çinin Çexiyadakı səfiri ilə düşmən olmuşdu. Yəni Praqanın hazırki meri nə Moskva, nə də Pekinin təzyiqlərindən çəkinir. Bu mənada uyğurlara qurultay keçirməyinə əsas təşəbbüskarı da məhz Praqanın meri olub.

Çexiya Xarici İşlər Nazirliyi Çinlə münasibətlərdə əlavə gərginlik yaşamaq istəmir. Praqa meriyasının isə buna cavabı sadədir: “Çexiya ilə Çin arasındakı münasibətlər onsuz da dondurulmuş vəziyyətdədir. Ona görə Çində insan haqları məsələsində geri addım atmaq olmaz, bu, bizim üçün prioritet məsələdir”.

Məqalədə vurğulanıb ki, Çexiya ilə yanaşı ABŞ da uyğur probleminə diqqəti azaltmayıb:

“ABŞ-ın Holokost Memorial Muzeyinin Çində uyğurlara qarşı törədilən repressiyalarla bağlı hesabatı yayımlanıb. Hesabat 59 səhifədən ibarətdir. Bu hesabatda Çin hökumətinin Sincan əyalətində yaşayan milyonlarla uyğur müsəlmana verdiyi zülmlərə dair sübutlar əks olunub. “Bizi yavaş-yavaş yox etmək üçün: Çin hökumətinin uyğurlara hücumu” adlananan hesabatda Çin hökumətinin uyğur icmasına hücumunun olduqca ciddi və geniş xarakter daşıdığı vurğulanıb.

Holokost Memorial Muzeyi hesabatında uyğurlara qarşı törədilən cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması yollarından da bəhs olunub. Hesabat müəllifləri Çin hökumətinin əməllərini soyqırımı siyasətinə bərabər tutublar və bu cinayətlərə dərhal son qoyulmasına, xüsusilə uyğur qadınların məcburən abort edilməsi hallarının qarşısını almaq üçün qəti addımlar atılmasına çağırıblar. İnsan haqları təşkilatları həmçinin Çinin müsəlman azlığa qarşı qeyri-insani rəftarına görə 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot etməyə çağırırlar.

Pekin müxtəlif ölkələrin uyğurlara olan diqqətindən narahatdır. Buna baxmayaraq, Pekinin uyğur siyasətində dəyişən heç nə yoxdur, nə uyğurları zorla topladıqları “əmək düşərgələrindən” imtina ediblər, nə də ki, uyğurlara qarşı işgəncə siyasətindən vaz keçilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər