İngiltərə Xarici işlər naziri Liz Trussun Estoniyadakı NATO kontingentinə baş çəkərkən tankla verdiyi pozasını şərh edən türk siyasi ekspert Taha Dağlı Rusiyaya ən sərt reaksiyanı Londonun göstərdiyini deyib.
Teleqraf.com xəbər verir ki, ekspert İngiltərənin Rusiyaya qarşı hərbi ritorikasını getdikcə sərtləşdirdiyini bildirib.
Onun sözlərinə görə, İngiltərə baş qərargah rəisi və baş naziri Rusiyaya ən sərt dillə xəbərdarlıq edən əsas şəxslərdir:
“Baş qərargah rəisi və baş nazirdən sonra İngiltərənin qadın xarici işlər naziri Liz Truss da rinqə daxil olub. Latviyada NATO Xarici İşlər Nazirlərinin sammitinə gedərkən Estoniyadakı NATO kontingentinə baş çəkən ingilis nazir orada tanka minib. O, tankın üstündə kameralar qarşısına keçib.
İngiltərənin Rusiyaya baxışı NATO və ABŞ-dan bir qədər sərtdir. Təsadüfi deyil ki, iyunun 29-da ruslar Qara dənizdə - Krım sahillərində ingilis hərbi gəmisinə atəş açmışdılar.
Moskvaya görə, Krım Rusiya ərazisidir, Krımın sahilləri isə onun ərazi sularıdır. İngiltərə üçün isə əksinədir. Bu müdaxilə iki ölkəni müharibə həddinə çatdıra bilərdi.
Digər yandan, Belarus-Polşa sərhədindəki miqrant gərginliyinə görə Rusiyanı ittiham edən İngiltərə Polşaya qoşun yeridib, bununla Moskvaya qarşı reaksiyasının daha sərt ola biləcəyini göstərir. Bu məqamda “Qərb bloku”nda Rusiyaya qarşı ən sərt təpkini də İngiltərə göstərir.
Liz Truss isə Estoniyada ruslara meydan oxudu. İngilis nazir Moskvaya “Dəmir ledi” mesajı verirdi. Amma bunun sadəcə publikaya hesablanmış addım olduğunu deyənlər də var. Digərlərinə görə isə, bu, aşkar şəkildə meydan oxumaqdır. Çünki eyni şeyi 1986-cı ildə Qərbi Almaniyada İngiltərənin o vaxtkı baş naziri Marqaret Tetçer də etmişdi.
Tetçer Qərbi Almaniyadakı qoşunlara baş çəkərkən tankın üzərində poza verəndə bu, böyük əks-səda doğurmuşdu. Tetçerin ləqəbi “Dəmir ledi” idi. O, bu ləqəbə tam layiqiydi. Üstəlik, ona bu ləqəbi ruslar vermişdilər.
1976-cı ildə Sovet İttifaqına qarşı sərt siyasətinə və münasibətinə görə bir rus qəzeti onu “Dəmir ledi” adlandırmışdı və Tetçer illərdir bu adla tanınmışdı”.