“ABŞ və Rusiya prezidentlərinin görüşü olduqca vacib addım idi. Çünki həqiqətən də Ukrayna ətrafında gərgin durum yaranıb. Ən əsası bu durum ABŞ və Rusiyanı açıq formada qarşı-qarşıya gəlməyə sürükləyir. Odur ki, tərəflərin məsələni müzakirə etməsi faydalıdır”.
Bunu Teleqraf.com-a professor Əli Abbasov bildirib.
Əli Abbasov qeyd edib ki, Bayden-Putin görüşündə Cənubi Qafqaz məsələsi müzakirə edilib.
Politoloq xatırladıb ki, görüşdən əvvəl həm Kremlin sözçüsü Peskov, həm də Xarici işlər naziri Sergey Lavrov qeyd etmişdi ki, telefon müzakirəsində NATO-Rusiya məsələsi də diqqət mərkəzində olacaq:
“Bu nə deməkdir? Aydındır ki, Gürcüstan NATO ilə çox sıx əməkdaşlıq edir, hərbi ittifaqın üzvü olmağa can atır. NATO da Gürcüstanda təlimlər keçirir. Deməli, NATO-Rusiya münasibətlərinin müzakirəsində Cənubi Qafqaz da var”.
Əli Abbasov bildirib ki, Ukraynanın NATO tərəfindən dəstəklənməsi həqiqətən də Rusiya üçün ciddi problem yaradır.
Onun sözlərinə görə, əgər Ukraynada NATO bazası və qoşunları, xüusilə silahları yerləşdiriləcəksə, deməli Kiyev ilə Moskva arasında məsafə baxımından bu ruslar üçün əsl problem olacaq. Odur ki, məsələ ciddidir”.
Mütəxəssis qeyd edib ki, indi tərəflərdən hansınınsa geri çəkilmək məsələsi yoxdur, qarşılıqlı güzəştlər məsələsi ola bilər:
“Kompramist şəkilində problem həll oluna, gərginlik ortadan qalxa bilər. Vaxtı ilə belə hallar olub. Məsələn, Rusiya Kubadan nüvə silahını geri çəkib. Səhv etmirəmsə ABŞ da Türkiyədən silahlarını çıxarıb. Beləcə o dövrdə gərginlik nisbətən sabitliklə əvəzlənib. Ukrayna mövzusunda bunu etmək mümkündür. Amma belə qərarları biz vermirik.
Həm də nəzərə almaq lazımdır ki, NATO-nun Rusiya ətrafında güclənməsinə qarşı ruslar da müəyyən addımlar atırlar:
“Məsələn, Belarusda silahlar yerləşdirirlər. Belarus elan edib ki, ərazisində nüvə silahının yerləşdirilməsinə etiraz etməzdi. Bu baxımdan ümumi razılaşma olmasa, gərginlik davam edəcək”.