Ukraynanı təhdid edən Rusiyaya qarşı nüvə silahından istifadənin mümkün variantlardan kənarda saxlanılmaması lazımdır.
Teleqraf.com xəbər verir ki, bu skandal təklifi ABŞ-ın Missisipi ştatının senatoru və Silahlı Qüvvələr komitəsinin üzvü Roger Viker səsləndirib.
Senator Bayden və Putin görüşünü şərh edərkən “Fox News” kanalına deyib ki, nüvə silahından istifadənin ola biləcəyini gözləmirəm, amma bu variantı masadan götürməmək lazımdır.
Putinin hərbi addımlarını siyasi bazarlıq ünsürü kimi istifadə edə biləcəyini qeyd edən senator deyib ki, Rusiya lideri 2008-ci ildə Osetiya, 2014-cü ildə Krımın ilhaqı ilə Qərbi təəccübləndirib.
Senator prezident Baydenin Rusiya lideri Putinə ABŞ-ın qərarlığını göstərdiyinə ümid etdiyini bildirməklə yanaşı xatırladıb ki, Ukraynada 200 ABŞ əsgəri var.
ABŞ-ın əlində hansı seçimlərin olmasına gəldikdə Viker deyib ki, NATO-nun şərq qanadının gücləndirilməsi həyata keçirilə və lazım gəldiyi an hərbi addım atılmasına dəstək verilə bilər.
“Hərbi addımın nədən ibarət olmasına gəldikdə” senator bildirib ki, Qara dənizdə gəmilər yerləşdirmək Rusiya hərbi potensialına ciddi mesaj olardı: “Bu, ABŞ qoşunlarını quruya endirmək ola bilər. Hesab edirəm ki, bu, masadan kənarda qalmamalıdır. Eyni zamanda, ilk hücum variantında nüvə silahını da istisna etməməliyik. Bunun olacağını gözləmirəm, amma bu variant masadan kənarda saxlanılmamalıdır. Prezident deməlidir ki, bütün seçimlər masa üzərindədir”.