ABŞ Rusiya müdafiə naziri Sergey Şoyqunun Amerika özəl hərbi şirkətlərinin (PMC) Ukraynanın şərqində kimyəvi maddələrlə təxribat hazırlaması barədə bəyanatına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Şoyqunun iddiasına Pentaqonun sözçüsü Con Kirbi cavab verib.
O, rusiyalı nazirin iddiasını təkzib edərək, Rusiya Müdafiə Nazirliyi rəhbərinin bəyanatının reallıqdan uzaq olduğunu vurğulayıb.
Kirbi əlavə edib ki, Ukrayna ətrafında gərginliyin artması fonunda ABŞ müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı ilə danışıqlar aparmayıb.
ABŞ Dövlət Departamenti də Şoyqunun bəyanatına münasibət bildirib. Departamentin sözçüsü Ned Prays Rusiyanı yalan və təxribat xarakterli ritorikadan istifadə etməməyə çağırıb. Onun fikrincə, Moskva Ukrayna ətrafındakı gərginliyin azaldılması üçün effektli tədbirlər görməlidir.