Rusiyalı müxalifətçi Aleksey Navalnının saytında prezident Vladimir Putinə məxsus olduğu iddia edilən 1.3 milyard dollarlıq saraydakı striptiz zalının görüntüləri dərc olunub.
Teleqraf.com xəbər verir ki, Navalnı ötən il Almaniyada müalicə alıb ölkəyə qayıtdıqdan sonra həbs edilib.
Bundan sonra Putinin gizli sarayı olduğu iddia edilən lüks evin görüntüləri mətbuata sızmışdı. Gizli tunel, hovuz, buz meydançası, kilsə, teatr və idman zalı olan sarayda Putinin yataq otağı olduğu deyilən otağın görüntüləri də diqqət çəkmişdi.
Navalnının komandası bu dəfə saraydakı rəqs zalının görüntülərini yayıb.
Əvvəllər evin planlarına uyğun olaraq rəqs zalının kompüter tərəfindən yaradılan nümunəsi paylaşılımışdı. Bu dəfə isə striptiz zalının orijinal fotosu paylaşılıb və bu qeyd yazılıb: “Həqiqətən striptiz zalı var. Təsəvvür etdiyimizdən də pis görünür”.
Sarayda kazino və diskotekanın olduğu da bildirilib. Rusiyanın simvollarından biri olan ikibaşlı qartalı sarayın bir çox yerində görmək olar.
Ötən il Putinin mənimsədiyi pullarla Qara dəniz sahilində özünə dəbdəbəli saray tikdirdiyi iddia olunan video yayılıb. Video sosial şəbəkədə 24 saat ərzində 20 milyondan çox izlənilib. Navalnının komandası sarayı “Rusiya tarixindəki ən böyük korrupsiya skandalı” kimi qiymətləndirib, Putin isə sarayın ona və ya yaxın qohumlarına məxsus olması ilə bağlı iddiaları təkzib edib. Putinə yaxın olan rusiyalı milyarder Arkadi Rotenberq sarayın ona məxsus olduğunu bəyan edib.