24 Yanvar 2022 12:30
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ciddi bir vəziyyətdəyik. Rusiya tərəfindən Ukrayna sərhədlərinə 100 min əsgər və çoxlu sayda hərbi texnikanın yığılması gözardı edilə bilməz. Bunun məntiqli bir əsaslandırması yoxdur. Bu hal Avropanın sülh və təhlükəsizliyi üçün təhdiddir”.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolz deyib.

Kansler bildirib ki, sərhədlərin şübhə altına alınmaması, “yumşalma siyasəti” 1990-cı ildən sonra əldə edilən razılaşmaların nailiyyətlərindən biridir: “Bu, o deməkdir ki, biz zorakılıqla sərhədləri dəyişdirə bilmərik, çünki bəzi köhnə kitablarda sərhədlər fərqli şəkildə çəkilir. Əksinə hərbi güc deyil, qanunlar və qaydalar tətbiq edilməlidir”.

Krımın ilhaqının Rusiya tərəfindən Helsinki Yekun Aktının ciddi şəkildə pozulması olduğunu deyən kansler qeyd edib ki, Ukraynanın şərqindəki vəziyyət təhlükəli olaraq qalır və bu prinsipləri pozur.

Olaf Şolz Şərqi Avropadan ölkələrin NATO-ya üzv olmasının gündəmdə olmadığını qeyd edib. Almaniyanın baş naziri Rusiyanın Ukraynaya hücumu ilə bağlı əvvəlki açıqlamasına toxunaraq, Ukraynaya qarşı hərbi hücum olacağı təqdirdə bunun Rusiyaya çox baha başa gələcəyini bir daha vurğulayıb.

Şolz Rusiya qazını Almaniyaya daşıyacaq “Şimal axını 2” boru kəmərinin Rusiyaya qarşı mümkün sanksiyalar çərçivəsində olub-olmaması ilə bağlı sualı cavablandırıb: “Bunun baş verməyəcəyinə ümid etdiyimiz bir vəziyyətdə müdrik olacağıq. Etdiklərimiz gərginliyin qarşısını almaq məqsədinə xidmət edir. Bunun üçün bütün diplomatik kanalları işə salmışıq. Eyni zamanda, bunun bizim üçün gətirəcəyi nəticələri də düşünməliyik. Heç kim bunun bizim üçün heç bir nəticəsi olmayan bir tədbir olduğu illüziyasına qapılmamalıdır.”


Müəllif: Nemət