Rusiya Prezidenti Vladimir Putinin digər ölkələrin liderləri ilə görüşlərində özünü üstün göstərmək atdığı addımlar yenidən gündəmdədir. Bunların arasında ən diqqət çəkəni Putin-Merkel görüşü zamanı ofisdə gəzən it olub. Çünki Putin uşaq ikən itin hücumuna məruz qalan Merkelin bu heyvanlardan qorxduğunu bilirdi və Almaniyanın keçmiş kansleri ilə görüşündə bunu öz xeyrinə çevirib.
Teleqraf.com xəbər verir ki, 1999-cu ildən müxtəlif dövrlərdə baş nazir və dövlət başçısı vəzifələrini icra edən və dünya siyasətinin ən önəmli aktorlarından biri olan Putin ötən günlərdə Moskvada Fransa Prezidenti Emmanuel Makronu qəbul edib.
Görüşdə baş verənlər bir neçə gündür beynəlxalq gündəmdədir. Beş metrlik nəhəng stolun bir ucunda əyləşən Putin Makronu masanın digər tərəfində əyləşdirib. Görüşün əvvəlində bir əli cibində uzaqdan Makronla salamlaşan Putin görüşdən sonra keçirilən mətbuat konfransında Makronu gözləmədən çıxıb.
Putinin ilk dəfə deyil ki, publika və kameralar qarşısında bir dövlətin başçısına bu cür münasibət göstərir. Putin keçmişdə dünyanın digər liderlərinə qarşı da bənzər addımlar atıb. Dünya liderləri ilə görüşlərinə gecikməsi ilə tanınan Putinin ən böyük başağrısı Almaniya siyasətində iz qoyan o zamankı kansler Angela Merkel idi.
Merkelin 2006-cı ildə Moskvaya ilk səfəri zamanı Putin Almaniya kanslerinə ağ-qara it oyuncağı hədiyyə edib. Bu hədiyyə o zaman çox diqqət çəkməsə də, bir il sonra Merkeli Soçidə qonaq edən Putin görüş zamanı öz iti ilə kameralar qarşısına keçib. Uşaqlıqda it dişlədiyi üçün bu heyvanlardan qorxan Merkel üçün bu, çətin sınaq olub.