16 Fevral 2022 10:19
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda Rusiya-Belarus birgə hərbi təlimləri çərçivəsində Ukraynaya yaxın bölgədə “Toçka” ballistik raketlərindən istifadə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna sərhədinə yaxın Qomel şəhərinin Polyesski rayonunda 465-ci Raket Diviziyasının hərbçiləri “Toçka” taktiki ballistik raket kompleksindən atəş açıblar.

Təlim çərçivəsində Belarus Müdafiə naziri Viktor Xrenin də 70 kilometr uzaqlıqdakı hədəflərə atışları müşahidə edib.

Xrenin jurnalistlərə açıqlamasında atışların uğurlu alındığını deyib.

Birgə təlimin davam etdiyini bildirən Xrenin hərbi məşqlərin məqsədinin xarici təcavüzün və terror təhdidlərinin qarşısının alınması və Belarus-Rusiya Birlik Dövlətinin təhlükəsizliyinin təmin edilməsi olduğunu bildirib.

“Biz heç kəsi təhdid etmirik, heç bir dövləti potensial düşmən kimi görmürük”, - nazir deyib.

Təlimlərə Rusiya ordusuna məxsus iki “S-400” və “Pantsir-S” hava hücumundan müdafiə raket kompleksləri və “Su-35”, “Su-30”, “Su-25” təyyarələri də cəlb olunub. Rusiya Silahlı Qüvvələrinin Şərq Hərbi Dairəsindən olan bölmələri və “Mi-8” helikopterləri iştirak edir.

Fevralın 10-da başlayan təlimlər fevralın 20-dək davam edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər