22 Fevral 2022 21:56
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putin Rusiya-Ukrayna böhranında gərginliyin artdığı vaxt işğal edilmiş Donbas bölgəsindəki qondarma qurumları – Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanıdığını açıqlayıb. O, Rusiya sülhməramlılarının bölgəyə daxil olacağını da deyib. “Financial Times” və “Reuters”in iddiasına görə, artıq Putin Rusiya ordusuna Ukraynaya girmək əmrini verib.

Teleqraf.com xəbər verir ki, ABŞ günlərlə Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı xəbərdarlıq etsə də, Rusiya bu iddiaları dəfələrlə təkzib edib.

“Time” nəşri Donetsk və Luqanskın niyə Putin və Rusiya üçün bu qədər önəmli olmasına diqqət çəkib.

Donbas vaxtilə Ukraynanın sənaye mərkəzi, ölkənin cənub-şərqindəki rusdilli əyalətlərin bir hissəsi idi. Ukraynada Kremlyönlü prezidentin devrilməsindən sonra Rusiyanın dəstəklədiyi separatçılar iki ölkə ilə həmsərhəd ərazilərə nəzarəti ələ keçirdi. Bu, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etdiyi vaxta təsadüf etmişdi. Ukraynanın rəsmi məlumatına görə, savaşda 14 minə yaxın insan həlak olub, 1 milyon 400 mindən çox insan isə Ukrayna daxilində didərgin düşüb.

Separatçılar Donbasın təxminən üçdə birinə nəzarət edir və bu bölgələri “Donetsk Xalq Respublikası” (DNR) və “Luqansk Xalq Respublikası” (LNR) adlandırırlar. Rusiya həmin gündən separatçılara maliyyə və hərbi dəstək verir, bölgədə yüzlərlə insana Rusiya pasportu paylanılıb.

Rusiya bura qədər Donetsk və Luqanskın Ukrayna daxilində muxtariyyət əldə etmələrini istədiyini bildirirdi. Bu, iqtisadi inkişafı gücləndirmək və korrupsiyanı cilovlamaq üçün mübarizə aparan Ukrayna Prezidenti Vladimir Zelenski üçün siyasi intihar olardı.

Beynəlxalq müşahidəçilərin fikrincə, regionda atəşkəs rejimi həmişə sarsıntılı olub və hər il minlərlə pozuntu qeydə alınıb. Minlərlə rus hərbçisi Ukrayna sərhədləri boyunca yerləşdirilib, belə durumda irimiqyaslı müharibənin başlaması bir qığılcım məsələsidir. Rusiya isə separatçı bölgələrin sakinlərinə vətəndaşlıq təklif edir, yəni onların həyatlarına təhlükə bundan sonrakı addımlarına “bəraət” qazandıra bilər.

ABŞ-ın işğalla bağlı xəbərdarlığı təsdiqlənərsə, bu, Putinin Krımı ələ keçirməsinə və Ukraynanın şərqindəki əvvəlki gərginliyə kölgə salan, İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük savaşa səbəb ola bilər.

Rusiya Ukraynanı işğal edərsə, ABŞ, Avropa Birliyi və Böyük Britaniya sanksiyalar paketi tətbiq edəcək. Potensial sanksiyalara rusiyalı milyarderləri hədəfə almaq, banklara məhdudiyyətlər tətbiq etmək, kreditorların dollardan istifadə imkanlarını zəiflətmək və ya Rusiya ilə Almaniya arasında “Şimal axını 2” qaz kəmərini bloklamaq daxildir.

Qərb Ukraynaya çoxlu sərmayə qoyub. Beynəlxalq Valyuta Fondu (BVF) ölkəyə dəstək verir, Dünya Bankı və Avropa İttifaqından Ukraynaya milyardlarla dollar göndərilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər