18 Mart 2022 21:12
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada davam edən müharibə dəhşətli və faciəvi olduğu qədər müxtəlif silah növlərinin testdən keçirildiyi məkana çevrilib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya hərbi texnikasının işğalçı müharibədə hələ ki, öyünəcək tərəfi yoxdur, rusiyalı rəsmilərin və generalların “nöqtə atışları həyata keçiririk” nağılına kimsə inanmır:

“Yaşayış binalarını necə gəldi bombalayırlar. Bunun nəyi “nöqtə atışı”dır? Türkiyənin “Bayraqdar”ları dördüncü məkandır ki, özünü müsbət tərəfdən göstərir. “Bayraqdar”lar İraq və Suriya ərazisində PKK terrorçularına zərbələr endirməklə yanaşı, Liviya, İkinci Qarabağ və Ukrayna müharibələrində şöhrətini artırdı.

ABŞ və Böyük Britaniya da Ukraynaya ötürdüyü silahlar vasitəsilə hərbi texnikalarını real döyüş şəratində testdən keçirir. NATO-nun rəqibi Rusiyadır və Ukrayna müharibəsində ABŞ və Böyük Britaniyanın tank, hərbi təyyarə və helikopterlər əleyhinə raket sistemləri tam gücüylə işləyirlər.

Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücum qərarının yanlış olduğuna bu aspektdən də yanaşmaq olar: Kreml sahibi Ukrayna müharibəsində NATO ölkələrinin hərbi texnikalarının üstünlüyünə şərait yaratdı. Məsələn, ABŞ-ın “Javelin” sistemləri Ukraynada Rusiyanın tanklarını məhv etməkdədir. Bu sistemi mənimsəmək üçün xüsusi təlimə də ehtiyac yoxdur, hədəfə tərəf tuşluyursan, raket öz işini görür”.

Elxan Şahinoğlu Ukraynada hərbi əməliyyatlarını davam etdirən rus ordusunun ciddi problemlərlə üzləşdiyini bildirib:

“Bu arada, əsas suallardan biri budur: Rusiya ordusu nədən ağır irəliləyir, işğalı yekunlaşdıra bilmir?

Birincisi, Rusiya ordusunun logistik problemləri yaranıb. Ukrayna ordusu partizan müharibəsinə keçərək əks-hücumlarla Rusiya ordusuna hərb texnika, ərzaq və digər yardımçı texnika daşıyan kolonları zərərsizləşdirir. Nəticədə Rusiya ordusu istifadə etdiyi mərmi və güllə sarıdan, ərzaq çatışmazlığından əziyyət çəkir. Bunlar təmin olunmadan irəliləmək çətindir.

İkincisi, rusiyalı hərbçilərin motivasiyası zəifdir. Onlar başqa dövlətin ərazisində nəyin uğrunda savaşdıqlarını və ölümə getdiklərini anlamırlar, ona görə də sağ qalmaq üçün bir qismi təslim olur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər