Kanadada 100 və yuxarı yaşda olan insanların sayı son 50 ildə rekord səviyyədə artıb.
Teleqraf.com xəbər verir ki, məlumatı Kanad Statistika Komitəsi açıqlayıb.
Məlumata görə, yaşı 100 və yuxarı olan kanadalıların sayı 1971-ci ildə 1065 nəfərdən 2021-ci il siyahıya alınmasında 9545-ə yüksəlib. Bir əsrlik ömür sürən 9545 kanadalıdan 7715-i qadındır.
Qurumun açıqlamasında artımın sadə əhali artımı ilə izah edilə bilməyəcəyi, 1971-ci ildə hər 100 min kanadalıdan yalnız 4,9-nun 100 və daha yuxarı yaşlı olduğu, 2021-ci ildə isə bu nisbətin 100 minə 25,8-ə yüksəldiyi bildirilib.
Ölkədə 2016-cı ildə 65 və yuxarı yaşda olan insanların sayı 15 və daha aşağı yaşda olan uşaqlar qrupundan 96 min nəfər çox idisə, cəmi beş il sonra bu rəqəm 1 milyonu keçib. Proqnoza görə, Kanadanın 65 və daha yuxarı yaşlı əhalisinin yaxın 20 ildə 68 faiz artması gözlənilir. Bu yaş qrupundakı insanların sayının 2037-ci ildə 10,4 milyona çatacağı təxmin edilir.
Məlumata görə, Kanada əhalisinin 19 faizi 65 və daha yuxarı yaşdadır. Əhalinin 22 faizi insanların təqaüdə çıxmağa hazırlaşdığı 55-64 yaş qrupundadır.
Agentliyin məlumatlarına görə, Kanada aşağı doğum göstəricisinə malikdir. Bir qadına düşən 1,4 uşaqların sayı əhalinin sabitliyini saxlamaq üçün lazım olan 2,1-dən çox aşağıdır.
Xaricdən gələn immiqrasiyanın körpə boşluğunu aradan qaldırmağa və ortaya çıxan sosial qocalmanı kompensasiya etməyə kömək edəcəyi, lakin onu geri qaytara bilməyəcəyi ifadə edilib.
2021-ci il siyahıyaalınmasında ölkə əhalisinin sayı 36 milyon 991 min 981 nəfərdir.