5 May 2022 01:03
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çili tarixinin ən uzun quraqlıq dövrünü yaşayır.

Teleqraf.com xəbər verir ki, Çilinin meteorologiya idarəsi ilin ikinci rübündə mərkəzi zonada yağışların yenidən normadan az olacağını açıqlayıb. Ölkənin paytaxtı Santyaqonu əsasən, Maipo və Mapoço çayları təmin edir. Yağıntı və qarın olmaması nəticəsində bu çaylarda suyun səviyyəsi kəskin aşağı düşüb.

Ölkənin hakimiyyət orqanları paytaxtı təmin edən iki çayda suyun səviyyəsinin kritik həddə çatacağı təqdirdə paytaxtın 7 milyona yaxın əhalisi olan müxtəlif rayonlarında növbəli və planlı su kəsintilərinin tətbiq ediləcəyini açıqlayıb.

İctimai işlər naziri Xuan Karlos Qarsiyanın məlumatına görə, quraqlıqla mübarizə aparılmasının yollarından biri su norması protokoludur: su təzyiqinin azaldılması və vəziyyətin gərginliyindən asılı olaraq növbəli su kəsintiləridir.

Çili Daxili İşlər və İctimai Təhlükəsizlik Nazirliyinin (ONEMI) Milli Fövqəladə Hallar İdarəsinin direktoru Migel Munyosun fikrincə isə, suyun kəsilməsi çilili əksər uşaqlar üçün əsas qidalanma mənbəyi olan – üç dəfə yemək təklif edən məktəblərin bağlanmasına səbəb ola bilər.

Çili prezidenti Qabriel Boric 11 ildir hazırlanmaqda olan yeni Su Məcəlləsini imzalayıb. Qərar insan istehlakı üçün suya çıxışı prioritetləşdirir və ilk dəfə olaraq iqlim dəyişikliyinin təhlükə olduğunu müəyyən edir. 2021-ci ildə tarixinin dördüncü ən quraq ilini yaşayan Çili dünyada suları özəlləşdirilən yeganə ölkədir ki, bu da mövcud vəziyyətdə gərginliyi daha da kəskinləşdirir. Dövlət sərvət sahibidir, lakin hüquqları sərbəst şəkildə fərdi şəxslərə paylayır, onlar da öz növbəsində onları sata bilərlər.

Yeni Konstitusiyanın hazırlanmasına cavabdeh olan şəxslərin müzakirə etdiyi məsələlərdən biri də suya çıxış hüquqları, onun bölüşdürülməsi və istifadəsini təmin edən qanunvericilik bazasının formalaşdırılmasıdır.


Müəllif: Teleqraf.com