16 May 2022 12:39
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden bir neçə gün əvvəl Vaşinqtonda Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) dövlətlərinin (İndoneziya, Bruney, Kamboca, Sinqapur, Tailand, Laos, Vyetnam, Malayziya və Filippin) liderləriylə görüşüb. Ağ Ev sahibi çıxışında Hind-Sakit okean regionu, onun sabitliyi və təhlükəsizliyi haqqında danışıb. Əslində isə Vaşinqtonun təşkil etdiyi ASEAN toplantısı ABŞ-ın Çinin nüfuzunu artırdığı və regional sularına qarşı geniş iddialar irəli sürdüyü Hind-Sakit Okean regionuna sadiqliyini nümayiş etdirmək məqsədi daşıyır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilib.

Məqalədə bildirilib ki, ABŞ Çinin Cənubi Asiya regionunda artan nüfuzu ilə bağlı narahatlığı fonunda ASEAN-a dəniz əməkdaşlığı, infrastruktur və digər təşəbbüslər üçün 150 milyon dollardan çox investisiya vəd edib:

“Ağ Evdən verilən açıqlamada ABŞ-ın ASEAN ölkələri ilə əlaqələrini dərinləşdirəcəyi və ümumi məqsədlərə çatmaq üçün birgə potensialı genişləndirəcəyinə yönəlik təşəbbüsləri dəstəkləyəcəyi bildirilib. Vaşinqton “ümumi məqsəd” dedikdə, ASEAN dövlətlərinin Amerika ilə birgə Çinin bölgədə artan roluna qarşı ümumi mübarizəni nəzərdə tutub. Ancaq 150 milyon dollar ASEAN dövlətləri üçün böyük məbləğ deyil. Digər tərəfdən, Vaşinqton vəd etdiyi 150 milyon dolların hələ ki, 60 milyonunu ayırmağa hazırdır. Bu maliyyənin də əsas hissəsi ABŞ Sahil Mühafizəsi tərəfindən idarə olunacaq. Çünki Vaşinqtonun əsas məqsədi ASEAN öləkələrinin sahil qüvvələrini gücləndirməkdir.

ASEAN ölkələri Vaşinqtonun dəstəyi sayəsində özlərini Çin təhlükəsindən qorumağı düşünürlər. Vaşinqton da bunda maraqlıdır. Təsüdafi deyil ki, Amerika ilk dəfədir ki, ASEAN liderlərini paytaxt Vaşinqtonda toplayıb. Böyük ehtimalla bu toplantı Co Baydenin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşavirlərinin təşəbbüsü əsasında həyata keçirilib. ABŞ-ın ASEAN ölkələri ilə ticarətin həcmi 400 milyard dollara yaxındır”.

Məqalədə vurğulanıb ki, Pekin də Amerikanın bölgə ilə bağlı təşəbbüslərini diqqətlə izləyir və boş dayanmır:

“ASEAN dövlətlərinin bir qismi Pekinin regional siyasətindən ehtiyat etsələr də, Çinin yatırımlarına da maraq göstərirlər. Çin ASEAN ölkələrinə ABŞ-dan çox yatırım vədi verib. Bu milyardlarla dollardır. Amerika ASEAN ölkələrinə yatırımın həcmini artırmasa, Çinin bölgədə artan roluna mane ola bilməyəcək. Çünki ASEAN ölkələri təhlükəsizliklərini gücləndirmək haqda düşünsələr də, onlar üçün iqtisadi və sosial problemlərin həlli az əhəmiyyətli deyil. Bunun üçün isə xarici yatırımlara və ortaq layihələrə ehtiyac var. Bu tşəbbüslər isə əsasən Çindən gəlir. Halbuki ASEAN dövlətləri borcu qaytara bilmədikdə Çinin ağır şərtləri ilə üzləşirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər