Böyük Britaniyada meymun çiçəyi virusuna yoluxanların sayı 20-yə çatıb.
Teleqraf.com xəbər verir ki, səhiyyə naziri Səcid Cavid ölkədə virusa qarşı daha çox dozada effektiv peyvəndlər təqdim edildiyini açıqlayıb.
Lakin nazirlik tərəfindən nə qədər peyvəndin tələb olunacağı və ya mövcud vaksin ehtiyatının miqdarı ilə bağlı heç bir açıqlama verilməyib.
Meymun çiçəyi virusu üçün xüsusi olaraq hazırlanmış peyvənd yoxdur, lakin çiçək xəstəliyinə qarşı peyvəndlər meymun çiçəyi ilə oxşarlığına görə yaxşı qorunma təmin edə bilər.
Meymun çiçəyi xəstəliyinin ilk əlamətləri qızdırma, başağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur. Adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir.
Mərkəzi və Qərbi Afrika ölkələrindən kənarda nadir hallarda müşahidə edilən meymun çiçəyi virusu Böyük Britaniyadan başqa İspaniya, Portuqaliya, İtaliya, İsveç, Belçika, ABŞ, Kanada və Avstraliyada da aşkarlanıb.