25 May 2022 14:40
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əsrlərdir imperiya düşüncəsi ilə zəhərlənən toplum ölkələrinin “uğur hekayəsi”ni rifahda, azad yaşamaqda deyil, torpaq almaqda görür”.

Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Partiya rəsmisi Rusiya-Ukrayna müharibəsi ətrafındakı son gəlişmələrə diqqət çəkib:

“Qərbin Rusiyanı analiz etməklə bağlı ciddi problemləri var. Müharibə başlayandan bəri, hətta müharibədən öncə də ən çox yayılan tezislərdən biri bu idi ki, Rusiya hərbçi itkilərinə, iqtisadi çətinliklərə görə çox qısa müddətdə çökəcək, orta statistik rus vətəndaşı insan itkilərinə və iqtisadi çətinliklərə görə ayağa qalxıb Putini devirəcək. Hesab edirəm ki, çox yanlış analiz və gözləntidir. Bu haqda dəfələrlə danışmışam. Rusiya yaranandan bəri bütün hakimiyyətləri insan həyatını heçə sayıblar, onlar üçün əsgər-zabit ölümləri faciə deyil, ancaq statistikadır.

İqtisadiyyata gəldikdə isə, orta statistik rus deyir ki, ac olaram, amma torpaqlarımı qaytarmaram, yoxsul olaram, amma imperiyamızı quraq. Yəni bu gün müharibəni başlayan, aparan “kollektiv Putin”dir. Putin rus cəmiyyətinin, orta statistik rusiyalının sözçüsü, onların arzularının ifadəçisidir.

Ukrayna və Qərb mətbuatı həm də müharibəni başqa cür təqdim edir, sanki artıq Ukrayna tam qələbə qazanır, lap az qalıb. Arestoviç hər gün “milli valeriyanka”, “sakitləşdirici həb” rolunda çıxış edir, hər şeyin yaxşı olduğunu, olacağını söyləyir. Amma vəziyyət fərqlidir”.

Natiq Cəfərli bildirib ki, 2022-ci il fevralın 24-nə qədər Rusiya Ukraynanın 7 faiz torpağını işğal etmişdi – bura Krım və iki qondarma respublikanın əraziləri daxil idi:

“Həmin günə işğal olunan torpaqların ümumi sahəsi 43.300 kvadrat kilometr - Azərbaycanın yarısı qədər idi. Bu gün - müharibədən üç ay keçəndən sonra Rusiyanın işğal etdiyi ərazilərin sahəsi 125.570 kvadrat kilometrdir. Yəni Rusiya Ukraynanın 20.8 faizini işğal edib. Bu da Macarıstan və Bolqarıstanın ərazilərindən böyükdür.

Bu gün Qərb hələ də düşünür ki, Rusiya Ukraynada 30, 40, 50, 100 min itki versə, müharibə dayana bilər. Məncə, səhv analizdir. Rusiyanı müharibəyə son verməyə vadar edən yeganə məsələ tutduğu ərazilərin böyük bir qismindən vurulub-çıxarılması ola bilər, məhz bu faktor, torpaq itkisi orta statistik rusiyalıya təsir edə bilər. Əgər yaxın 2 ay ərzində Ukrayna ordusu Xerson və Zaparojye viyalətlərinin ərazisini işğalçı Rusiya ordusundan təmizləyə bilməsə, Rusiyada heç bir daxili etiraz olmayacaq. Çünki əsrlərdir imperiya düşüncəsi ilə zəhərlənən toplum ölkələrinin “uğur hekayəsi”ni rifahda, azad yaşamaqda deyil, torpaq almaqda görür”.


Müəllif: Mənsur Rəğbətoğlu