26 İyun 2022 01:44
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa Birliyi liderlərinin zirvəsinin ilk günündə Ukrayna və Moldovaya “namizəd ölkə” statusunun verilməsi qərara alınıb. Gürcüstan üçün Avropa perspektivi təqdim olunub və meyarlara cavab verməsi şərti ilə sonradan durumunu yenidən qiymətləndirmək qərarı verilib. Beləliklə, rəsmi adı çəkilməsə də, Gürcüstan potensial namizədlər sırasında yerini alıb.

Teleqraf.com xəbər verir ki, AB rəhbərləri qərardan əvvəl Qərbi Balkan ölkələrinin liderləri ilə də görüşsələr də, təmaslar üzvlük prosesi ilə bağlı heç bir nəticəyə gətirib çıxarmayıb.

AB liderlərinin 2003-cü ildə Yunanıstanın Saloniki şəhərində keçirilən zirvəsində Balkan bölgəsinin 6 ölkəsi “potensial namizəd” kimi müəyyən edilib. Bosniya-Herseqovina və Kosovo hələ də “potensial namizəd” ölkələr hesab olunur. Monteneqro, Serbiya, Albaniya və Şimali Makedoniya isə bu illər ərzində “namizəd ölkə” statusu alıb.

Monteneqro

Monteneqro 2008-ci ildə AB-yə üzvlük üçün müraciət edib. 2010-cu ildə komissiya Monteneqronun müraciətinə müsbət rəy verdikdən sonra danışıqlara başlamaq üçün 7 prioritet müəyyənləşdirib. Komissiya 2011-ci ildə danışıqların 2012-ci ilin iyununda başlayacağını qəbul etməklə üzvlük prosesinə başlayıb.

Serbiya

Serbiya 2009-cu ildə rəsmi müraciət edib. 2012-ci ilin martında Serbiyaya “namizəd ölkə” statusu verilib. 2013-cü ilin sentyabrında AB ilə Serbiya arasında assosiasiya sazişi qüvvəyə minib. 2014-cü ildə isə Serbiyanın üzvlüklə bağlı danışıqları rəsmi olaraq başlayıb.

Albaniya

Albaniya 2009-cu ildə AB-yə üzvlük üçün rəsmi müraciət edib. 2010-cu ildə komissiya Albaniyanın namizəd statusunu 12 prioritetin yerinə yetirilməsi ilə şərtləndirib. Həmin il komissiya Albaniyaya AB-yə “namizəd statusu”nun verilməsi ilə bağlı tövsiyə verib. 2014-cü ilin iyununda Avropa Birliyi tərəfindən “namizəd statusu” alıb.

Şimali Makedoniya

Şimali Makedoniya 2004-cü ilin martında AB-yə üzvlük üçün müraciət edib. 2005-ci ilin dekabrında ölkəyə “namizəd statusu”nun verilməsi barədə qərar qəbul edilib. Bolqarıstan Albaniya və Şimali Makedoniyanın üzvlük danışıqlarına girməsinə veto qoymağa davam edir.

Bosniya-Herseqovina və Kosovo

Bosniya-Herseqovina 2016-cı ilin fevralında AB-yə üzvlük üçün müraciət edib. Komissiya 2019-cu ildə ölkənin AB-yə üzvlük müraciəti ilə bağlı rəyini qəbul edib və üzvlük danışıqlarına başlamaq üçün Bosniya-Hersoqovinanın yerinə yetirməli olduğu 14 əsas prioritet müəyyən edib. Avropa Birliyi Şurası 2019-cu ildə komissiyanın fikrini və əsas prioritetlərini təsdiqləyib və Bosniya-Herseqovina o vaxtdan bəri potensial namizəddir.

Kosovo və AB arasında assosiasiya sazişi 2016-cı ilin aprelində qüvvəyə minib. Amma ölkə hələ də üzvlük üçün rəsmi müraciət etməyib. İspaniya, Yunanıstan, Rumıniya, Slovakiya və Yunan Kipri hələ də Kosovonun müstəqilliyini tanımır.

“Namizəd statusu” ölkənin uzunmüddətli AB-yə daxil olma prosesində ilk addımdır.

Ölkəyə “namizəd statusu” verildikdən sonra qoyulan tələblərə əməl etmək şərti ilə növbəti mərhələdə üzvlük danışıqları başlayır. Üzvlük danışıqlarının başlaması illərlə çəkə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu